AZ

Renat “Radomyak”dakı 2-ci matçında da qol vurdu - Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Radomyak” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Radom təmsilçisi bu gün Polşa çempionatının 2024/2025-ci illər mövsümünün 24-cü turu çərçivəsində səfərdə “Krakoviya” ilə qarşılaşıb.

Digər azərbaycanlı futbolçu – Rahil Məmmədovun da formasını geyindiyi “Radomyak” bu matçın 12-ci dəqiqəsində məğlub duruma düşsə də, ikinci hissənin əvvəlində bərabərlik qolunu vurmağı bacarıb. Renat bu görüşün 54-cü dəqiqəsində, hesab 1:1 olarkən meydana buraxılıb. Komandasının qələbə qolunu da Dadaşov vurub. O, bu matçının 90+1-ci dəqiqəsində fərqlənməklə komandasına qələbə qazandırıb – 2:1.

Renatdan fərqli olaraq, Rahil bu görüşün iştirakçısı olmayıb. Mərkəz müdafiəçisinin adı bu matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, Renat “Radomyak”a bir neçə gün öncə Türkiyənin “Ankaragücü” klubundan azad agent kimi keçib. 25 yaşlı futbolçu ilə bu ilin yayına qədər müqavilə imzalanıb. Polşalılar sözləşmənin müddətini sonradan uzatmaq hüququna malikdirlər. O, “Radomyak”dakı debüt matçında da 90-cı dəqiqədə vurduğu qolla komandasını “Vidzev”ə məğlubiyyətdən xilas etmişdi.

Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçmişdi. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 34 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Bu turu buraxmış Rahil Məmmədov isə 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılaraq “Radomyak”a keçib. 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 14 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.

“Radomyak” Polşa çempionatında geridə qalmış 24 turdan sonra topladığı 28 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. “Radomyak” 24 oyunda 8 qələbə qazanıb, 4 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Seçilən
70
20
arena.az

10Mənbələr