Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən Nazirlər Kabineti doqquz ay müddətində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair qaydalarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi və onun əsasnaməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və hava limanlarının hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramlarının on iki ay müddətində hazırlanıb təsdiq edilməsinə nəzarəti təmin etməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Dövlət Proqramı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edilib ki, mülki aviasiyada təhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq standartların tələblərinin, hava hərəkətinin intensivliyinin və həcminin artması fonunda insan hüquqlarının və əsas azadlıqlarının, xüsusilə hərəkət azadlığının təmin edilməsi üçün prosedurların sadələşdirilməsi, xidmətlərin əlçatan olması bu sahənin daha da təkmilləşdirilməsini zəruri edir. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi məqsədilə prosedurların sadələşdirilməsini, habelə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda bu prosedurların sadələşdirilməsi üçün həyata keçiriləcək tədbirlər kompleksini nəzərdə tutur.
Dövlət Proqramı mülki aviasiya sahəsində normativ hüquqi tənzimləmənin təkmilləşdirilməsini, mülki aviasiyanın təhlükəsiz inkişafı ilə bağlı prioritetlər sisteminin formalaşdırılıb həyata keçirilməsini, mülki aviasiyanın təhlükəsizliyinin, səmərəliliyinin və müntəzəmliliyinin təmin edilməsini, sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının (qidalarının) daşınmasının sadələşdirilməsini, Azərbaycan Respublikasının gömrük, sərhəd, miqrasiya, səhiyyə, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, toxumçuluq, damazlıq heyvandarlıq, fitosanitar və baytarlıq normalarına uyğunluğunu və hava daşımaları sahəsində istifadə edilən sənədlərin və təmin edilən xidmətlərin operativ rəsmiləşdirilməsini nəzərdə tutur.
Dövlət Proqramının müddəaları, yalnız bir kateqoriya üzrə uçuş əməliyyatı üçün nəzərdə tutulduğu hallar istisna olmaqla, mülki hava gəmiləri ilə həyata keçirilən bütün kateqoriyalardan olan uçuş əməliyyatlarına, Azərbaycan Respublikasında rəsmiyyətin sadələşdirilməsi üzrə müvafiq tədbirləri həyata keçirən dövlət orqanlarının (qurumlarının), o cümlədən xidmət təminatçılarının fəaliyyətinə şamil edilir.
Hədəf göstəriciləri
4.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində aşağıdakılara nail olunacaqdır:
4.1.1. Əlavə ilə müəyyən edilən beynəlxalq standartların və tövsiyə olunan təcrübənin həyata keçirilməsinin təmin edilməsi;
4.1.2. mülki aviasiyada xidmətin səmərəliliyini və keyfiyyətini artırmaqla yanaşı, hava gəmiləri parkının, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt və bort ehtiyatlarının hərəkətini sadələşdirmək məqsədilə əsassız maneələri və gecikmələri aradan qaldırmaqla proseslərin və prosedurların təkmilləşdirilməsi;
4.1.3. mülki aviasiyada rəsmiyyətin sadələşdirilməsinə dair məsələləri həll etmək üçün innovativ strategiyaların hazırlanmasına dəstək verilməsi;
4.1.4. sərnişinlərin keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığının təmin edilməsi;
4.1.5. rəsmiyyətin sadələşdirilməsi sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması;
4.1.6. hava gəmisinin gəlməsi və getməsi zamanı əsassız gecikmələrin qarşısının alınmasını təmin etmək məqsədilə rəsmiyyətin sadələşdirilməsi üzrə tədbirlər görülməsi;
4.1.7. hava limanlarında (aeroportlarda) səmərəliliyin artırılması üçün effektiv informasiya texnologiyalarının inkişaf etdirilməsi;
4.1.8. hava gəmisinin istismarçıları tərəfindən Azərbaycan Respublikasında sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Ümumdünya Gömrük Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının müəyyən etdiyi standartlara uyğun ötürülməsi üçün bir pəncərə sisteminin inkişaf etdirilməsi;
4.1.9. rəsmiyyətin sadələşdirilməsi sahəsində beynəlxalq standartların yerinə yetirilməsinə nail olmaqla aviasiya daşıyıcısının cəlbediciliyinin artırılması;
4.1.10. Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğunluq faizini artırmaqla, keçirilən audit yoxlaması nəticələrinin yüksəldilməsi.
5. Məqsədlər
5.1. Dövlət Proqramının məqsədləri aşağıdakılardır:
5.1.1. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi, əməliyyatların səmərəliliyinin artırılması;
5.1.2. ticarətin və turizmin inkişafına töhfə verməklə iqtisadi inkişafın və məşğulluğun artırılması;
5.1.3. dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi;
5.1.4. keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin etməklə sərnişinlərin səyahət təcrübəsinin yaxşılaşdırılması;
5.1.5. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində kadr hazırlığının və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
5.1.6. rəsmiyyətin sadələşdirilməsi sahəsində Azərbaycan Respublikası milli qanunvericiliyinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması və hava gəmilərinin, hava gəmisi heyəti üzvlərinin və sərnişinlərin hava limanlarında (aeroportlarda) daşınmasının təkmilləşdirilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması;
5.1.7. Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumlarının (orqanlarının), xidmət təminatçılarının və yerüstü xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi və rəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətin təşkili;
5.1.8. sahəvi islahatlar sayəsində rəqabət qabiliyyətinin yüksəldilməsi, daha çox sərnişin və turist cəlb edilməsi;
5.1.9. hava limanlarının (aeroportların) strukturunun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının beynəlxalq sərnişin daşımalarında Avropa və Asiya arasında tranzit qovşağı kimi perspektivliyinin yüksəldilməsi;
5.1.10. regional hava limanlarının (aeroportların) digər dövlətlərdə qeydiyyatda olan istismarçıların iştirakı ilə istismarının stimullaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi.