
Azərbaycan SSR Xalq artisti, balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Fərid İbrahimov APA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tamilla Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böyrəklərində problem yaranan balet ustası əməliyyat olunub. O bu gün səhər beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, T. Şirəliyeva 1946-cı ildə Bakıda anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Qaraca qız (“Qaraca qız”, Əşrəf Abbasov), Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Ayişə, Fiyetta (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Qara Qarayev), Odetta-Odilliya (“Qu gölü”, Pyotr Çaykoski), Kitri, Paxita (“Paxita”, L.Minkus), Şəhrizad (“Min bir gecə”, Fikrət Əmirov) və s. əsas partiyaları ifa edib.
1970-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 1978-ci ildə Azərbaycan SSR Xalq artisti, 2002-ci ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2006-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında “Şöhrət” ordeni ilə təltif edilib.