AZ

Bakı mühakiməsi erməniləri niyə qorxuya salıb?

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan Bakıda keçirilən məhkəmə prosesindən həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya çox təhlükəli təbliğat xarakterli mesajlar ötürüldüyünü bildirib. O deyib ki, “Bakıdan gələn məlumatlara diqqətlə yanaşmaq lazımdır. Çünki bu məlumatlar olduğu kimi Ermənistan informasiya meydanında da dövr edir və sonradan hansı təhlükələrə yol açacağı bütün riskləri ilə dərk olunmur”.

T.Abramyan qeyd edir ki, vəziyyət bizim üçün son dərəcə təhlükəlidir, xüsusən ona görə ki, Ermənistan rəhbərliyi informasiya təhlükəsizliyinin təmin edilməsi funksiyasını tamamilə iflasa uğradıb. Erməni cəmiyyəti son dərəcə həssas vəziyyətə düşüb.

Qeyd edək ki, yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb. Proses Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində aparılır.

Bu proses Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu ilə təsbit olunmasına xidmət edir.

Xatırladaq ki, Ermənistan və onun silahlı qüvvələri, o cümlədən qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər müxtəlif maddələrlə ittiham olunurlar.

Məhkəmə prosesində erməniləri narahat edən nədir? Bakı erməni ictimaiyyətinə hansı "təhlükəli" xəbərləri çatdırır? Prosesin gedişində təqsirləndirilən şəxslər etdikləri əməlləri özləri də etiraf edirlər. Törətdikləri cinayətlərin bir izi Ermənistana rəhbərlik etmiş şəxslərə gedib çıxır. Yəni, Azərbaycan tərəfinin qeyd etdiyi kimi, cinayət işində olan sübutlar tarixi faktlara əsaslanır. Göstərir ki, törədilmiş cinayətlər ayrı-ayrı təsadüfi hadisələr olmayıb, ən yüksək səviyyədə mütəşəkkil qaydada planlaşdırılaraq amansızlıqla törədilib. Bütün bu cinayətlər Ermənistan dövlətinin siyasi, hərbi, maddi və digər dəstəyi, siyasi-hərbi rəhbərliyinin verdiyi göstəriş və təlimatlar nəticəsində törədilib.

Bu həqiqətləri eşitmək T.Abramyan kimi erməni millətçilərini narahat edir. Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov XQ-yə açıqlamasında bildirdi ki, erməni deputat Tiqran Abramyanın dediyi o fikirlər cəfəngiyyatdır: “Çünki burada bir erməni yanaşması ortaya qoyulur. Bu nə ilə bağlıdır? Qabaqlamaq və məsələnin əsas mahiyyətini bir kənara qoyub, onun öz dili ilə desək, həm Ermənistan ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti aldatmağa hesablanmış növbəti bir addımdır. Baxın, bu adam proses haqqında danışır. Həmin o proses ədalətin bərqərar olması istiqamətində Azərbaycan tərəfinin atdığı addımdır. Bu prosesin mahiyyətini bir kənara qoyub, mühakimə olunan şəxslərin özlərinin şəxsiyyətlərinin təkcə Azərbaycan cəmiyyəti üçün deyil, eyni zamanda Ermənistan cəmiyyəti, ümumilikdə insanlıq üçün təhlükəli məqamlarını, onların törətdiyi o ağır cinayətləri, Xocalı faciəsi, Daşaltı, Başlıbel, Ballıqaya və digər tükürpədən cinayətləri kənara qoyub, Azərbaycanın atdığı addımları “cəmiyyət üçün təhlükəli” adlandırır. Yəni, bu, səsləndirilən fikirlərin mənasızlığından xəbər verir. Ermənistan cəmiyyəti üçün bu informasiyaların, Azərbaycan tərəfinin yaydığı o məqamların təhlükəli olduğunu bildirir. Bu məlumatlar Ermənistan dövlətinin atdığı addımları, onu idarə edən şəxslərin cinayətlərini ifşa edir. Bəli, həmin şəxslər bunu məhkəmədə etiraflar edirlər. O, etiraflar cinayətlərin izlərinin bir ucunu aparıb çıxarır Ermənistana rəhbərlik edən əvvəlki o şəxslərə – Robert Köçəryana, Serjik Sarkisyana, Seyran Ohanyan və komandada təmsil olunan digərlərinə. Eyni zamanda cinayətin bir izi də indiki hakimiyyətə gedib çıxır. Görünür, Ermənistanın hazırkı milli məclisində təmsil olunan Tiqran Abramyan həmin o cinayətlərin izlərinin gedib çıxdığı şəxslərdən biridir, ya da ona yaxın olanlara aiddir”.

Ekspert hesab edir ki, Azərbaycan dövləti, sadəcə, ədalət mühakiməsi ilə bağlı prosesləri işıqlandırır, prosesdə baş verənləri diqqətə çatdırır: “Əgər biz bunu gizli aparsaydıq, bu məlumatları yaymasaydıq, o halda Tiqran Abramyan və digərləri Azərbaycanın bu məhkəməni pərdə arxasında tezbazar keçirilən məhkəmə prosesi kimi qələmə verərdilər. Bakı prosesdə beynəlxalq ictimai fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin iştirakını təmin etməyə çalışır. Bütün dünyada mövcud olan müasir təcrübəni tətbiq edir. Təqsirləndirilən şəxslər hansı cinayətlərdə ittiham olunurlar? Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və Azərbaycan ərazilərinə qanunsuz olaraq daxil olmaq və bir sıra digər cinayətlərə görə. Həmin cinayətlərin törədilməsi təkcə Azərbaycanda deyil, dünyanın istənilən nöqtəsində, o cümlədən Ermənistanın özündə yerli qanunlarla qadağan edilir və cinayət hesab olunur. Biz bu Bakı prosesini işıqlandırmasaq, təbii ki, onun nədən ibarət olması şübhə altına alınar.

Məhkəmə prosesinin şəffaf şəkildə işıqlandırılması, əslində, sosial sifarişdir. Eyni zamanda, hüquqi dövlətlərin, cəmiyyətlərin maraqlarına uyğundur. Deməli, Ermənistan tərəfi bunu bu şəkildə qələmə verməklə bir daha özünün çirkin siyasətini ortaya qoymuş olur. T.Abramyan erməni deputatı olaraq, Azərbaycanın atdığı bu addımları təhlükəli hesab etmək əvəzinə, həmin şəxslərin təhlükəli olduğunu diqqətə çatdırmalıdır. Onlarla birlikdə cinayət törətmiş R.Koçaryan, S.Sarkisyan, S.Ohanyan, eləcə də antiterror əməliyyatı zamanı Azərbaycan ərazisindən qaçmış digər şəxslərin məsuliyyətə cəlb edilməməsini təhlükəli hesab etməlidir. Uzun illər ərzində keçmiş Qarabağ münaqişəsi ilə bağlı informasiya blokadası yaratmışdılar. Bu blokadanı 44 günlük Vətən müharibəsində yardıq. Ondan sonra siyasi və diplomatik informasiya müstəvisində bu addımları atırıq”.

Xatırladaq ki, təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının mülki infrastrukturuna, iqtisadiyyatına, ekologiyasına, müdafiə arsenalına və digər sahələr üzrə ölkəmizə 100 milyard manatdan artıq maddi ziyan vurulub. 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb, 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.

Azər MUSTAFAYEV

Seçilən
12
xalqqazeti.az

1Mənbələr