Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Bakıya işgüzar səfərə gələn Latviya Basketbol Assosiasiyasının prezidenti Raymonds Veyonislə görüşüb.

Offsideplus.az-a ABFin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb, qarşıdakı planlar müzakirə edilib.

Qonağa Azərbaycanda uşaq basketbolunun inkişaf planı ilə bağlı məlumat verilib. Raymonds Veyonis ABF-in bu sahədəki böyükmiqyaslı planları ilə tanış olaraq, işləri yüksək qiymətləndirib.

Həmçinin Azərbaycan və Latviya arasında 3x3 basketbolunun inkişaf etdirilməsinin zəruriliyi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ABF-in vitse-prezidenti Fərrux Mahmudov, eləcə də Latviya Basketbol Assosiasiyasının digər rəsmiləri iştirak ediblər.

Sonda tərəflər bir-birinə hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.