AZ

Binəqədidə yanğın təhlükəli taxta sexinin fəaliyyətini dayandırılıb

Bakı, 13 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108 ünvanında yerləşən “Sənaye-Tikinti-Təmir” ASC-yə məxsus taxta sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yoxlama zamanı obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmadığı, qeyri-standart odun sobalarından istifadə olunduğu, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun gəlmədiyi, yanğın su hovuzu və təxliyə planının mövcud olmadığı, odsöndürən balonlarla tam təmin edilmədiyi, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı, müəssisənin ərazisinin yanar tullantılardan təmizlənmədiyi, daşınmaz əmlakın “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığortalanmadığı aşkarlanıb.

Mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəli nəticələr verə biləcəyini göstərir.

Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108 ünvanında yerləşən “Sənaye-Tikinti-Təmir” ASC-yə məxsus taxta sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Seçilən
59
24
azertag.az

10Mənbələr