Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması ümid mənbəyidir.
Trend xəbər verir ki, bu barədə Belçika baş nazirinin müavini, xarici, Avropa işləri və inkişaf üzrə əməkdaşlıq naziri Maksim Prevost "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Region və onun hüdudlarından kənarda vacib və faydalı olan davamlı sülh nəhayət ki, əlçatandır. Ümid edirəm ki, müqavilə ən qısa zamanda hər iki ölkə tərəfindən imzalanacaq", - o bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.
Milli.Az