Bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1096,0 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir...
Poliqon xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslərin 64,3 faizi yaşa, 23,2 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 496,6 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 49,2 faizinə bərabər olub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli sərəncamına əsasən bu ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.
“Əmək pensiyaları haqqında” qanunda edilən müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14,3 faiz artırılaraq bu ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 156,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 143,7 min) nəfər, əlilliyə görə - 42,6 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 218,4 min (müvafiq olaraq 47,0 min və 217,7 min) nəfər, ailə başçısını itirməyə görə - 56,4 min (57,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,2 min (23,4 min) nəfər olub.
Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 163 nəfər qəyyumuna aylıq müavinət verilib.
Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,4 min ailəsinə 6,4 min uşaq üçün aylıq müavinət verilib.
Bundan əlavə, 2376 nəfər bir yaşınadək uşağı olan 2308 aztəminatlı ailəyə, övladlığa götürülən və himayədar ailəyə verilmiş, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 42 uşağa görə 40 ailəyə və beşdən çox uşağı olan 2,8 min qadına 12,3 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 285 şəxsə isə kompensasiya verilib.
Keçən il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 43,2 min ailəyə 45,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,8 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,8 min nəfərə birdəfəlik müavinətlər verilib.
Bu il yanvarın 1-i vəziyyətinə 76 min aztəminatlı ailənin 334,5 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 107,5 manat təşkil edib.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 401,4 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub.
Poliqon.info