Artıq bir aydan çoxdur, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəhbər postu boş qalıb. Yeni təyinatın olmaması bir sıra suallar yaradıb. Son günlər qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirilə biləcəyi istiqamətində fikirlər səsləndirilir.
Hurriyyet.az xəbər verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə Globalinfo.az-a açıqlamasında sözügedən qurumların birləşdirilməsinin mümlün olduğunu bildirib:
“Açığı, Azərbaycanda nazirlik sayı çoxdur. Fikrimcə, bəziləri ilə bağlı tədbirlər görülə bilər. Məsələn, Gənclər və İdman Nazirliyi Elm və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti isə Maliyyə Nazirliyinin tərkibinə daxil edilməlidir. Çoxsaylı dəyişikliklərə ehtiyac var”.
Partiya sədri deyib ki, dövlət idarələrinin effektiv işlməsini təmin etmək üçün büdcəyə qənaət edilməlidir:
“Çoxsaylı nazirliklərin, komitələrin, səhmdar cəmiyyətlərinin və ya publik hüquqi şəxslərin yaradılması dövlət büdcəsinə böyük zərbələr vurur. Elə komitələr var ki, onların gördüyü iş Nazirlər Kabinetinin bir şöbəsi qədər deyil. Amma adını nazirlik və ya komitə və sair qoyublar. Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir”.