AZ

“Zelenskini öldürəcəklər” xəbərləri niyə artıb?

Ukrayna liderinin aradan götürülməsində  “oxlar” indi Rusiyanı deyil, bu dəfə ABŞ-ı göstərir- Trampın vuran əli “Memati”-  yəni Maskın bir müddət əvvəl   dedikləri xüsusi qabardılır... 


Rusiya-Ukrayna müharibəsi başlayandan ən çox maraq edilən mövzulardan biri də Ukrayna prezidenti  Zelenskinin öldürülməsi halında nə baş verə biləcəyi haqdadır. Xatırlayıram ki, müharibə yenicə qızışanda bu barədə o vaxtkı dövlət katibi Blinkendən də soruşmuşdilar. “Rusiya Zelenskini öldürsə nə olacaq” sualına Blinken “bununla bağlı detallarını açıqlamadığı planları” olduğu cavabını vermişdi. 


Son günlər Zelenskinin öldürülə biləcəyi barədə iddialar yenidən artıb. Hətta Rusiyada dövlətə bağlı “RİA Novosti” belə “Kiyev rejiminin başçısının mümkün ləğvi” ətrafında müzakirə açıb. İddia olunur ki, Zelenskinin ətrafındakı əcnəbilər onun mümkün “ləğvini”  müzakirə edirlər. Mənbə bildirib ki, Zelenskinin ətrafındakı əcnəbilər onun canlı heç kimə lazım olmadığını açıq şəkildə deyirlər, çünki “o, çox şey bilir”.


 Ukrayna rəsmilərinə inansaq, Rusiya ilə müharibə başlayandan bəri Zelenskiyə 12-dən çox  sui-qəsd cəhdi olub. Rusiya tərəfi isə müxtəlif vaxtlarda bəyan edib ki, Zelenskiyə heç vaxt sui-qəsd hazırlamayıb və buna cəhd belə göstərməyib.  Hətta “Zelenski bizə sağ və müttəhimlər kürsüsündə lazımdır, əgər istəsəydik, onun soyuq cəsədini çoxdan qarğalar  yeyərdi” kimi mövqe də bildiriblər.  


Zelenskinin öldürülməsinə Rusiyanın cəhdlər etdiyi haqda Ukrayna bir neçə dəfə rəsmi məlumat yayıb. Məsələn,  məlumatların birində bildirilirdi ki, Zelenskini öldürmək üçün göndərilən çeçen xüsusi təyinatlıları Ukraynaya rəğbət bəsləyən “FSB” agentlərinin köməyi ilə işfa edilirək məhv edilib.  Bundan başqa  “Redut” və  “Vaqner” muzdlularının Kiyevə Zelenskiyə sui-qəsd etmək məqsədi ilə  göndərildikləri, amma onların da məqsədinə çatmadığı xəbəri yayılmışdı. “FSB”nin  iki ukraynalı polkovniki ələ aldığı və  Zelenskini girov götürüb öldürmək planın ifşa olunduğu da həmin qəbildən olan xəbərlər sırasındadır.   


Maraqlıdır ki, Ukraynada da indi bu mövzu gündəmə gəlib. Məsələn, “Rezident” Telegram kanalı bildirir ki, Vaşinqton mövcud vəziyyəti sabitləşdirə biləcək fiqur axtarışındadır. Mənbənin sözlərinə görə, Zelenski ilə münasibətlərin pisləşməsi fonunda bir neçə cəbhədə danışıqlar başlayıb. Xüsusilə Zalujnı, Timoşenko, Kliçko və Poroşenko kimi fiqurlar Tramp administrasiyası ilə əlaqə yaradıblar. Hətta Zelenskinin ən yaxın silahdaşları – Araxamiya, Budanov  və Yermak da Amerika rəsmiləri ilə ünsiyyətdədirlər,  Zelenskinin özü isə faktiki olaraq danışıqlar prosesindən kənarda qalıb. Timoşenko və Poroşenko Tramp administrasiyası ilə təmaslarını açıq şəkildə təsdiqləyiblər ki, bu da mənbələrə görə, hakimiyyət dəyişikliyi ssenarisinin nəinki qapalı dairələrdə müzakirə olunduğunu, həm də ictimai rəng qazanmağa başladığını göstərir. Əsas sual Vaşinqtonun kimin yeni lider olacağına və nə zaman qərar verəcəyidir.  


Ukraynada da hakimiyyətə yaxın deputatların və siyasətçilərin  Zelenskinin həyatından narahatlıqları artmaqdadır. Bildirilir ki, ABŞ-ın Ukraynanı təslim etmək məqsədi ilə Zelenskinin fiziki olaraq aradan götürülməsinə cəhd edilə bilər.  


 Zelenskinin aradan götürülməsində  “oxlar” indi Rusiyanı deyil, bu dəfə ABŞ-ı göstərir. Bu kontekstdə Trampın vuran əlinə çevrilmiş “Memati”-  yəni Maskın  Zelenskiyə bir müddət əvvəl  “Ukraynanı tərk etmək və bunun müqabilində amnistiya almaq” təklifi xüsusi qabardılır. 


 Ukraynanın “Legitimate”  kanalı  isə xəbər verir ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskidən nəyin bahasına olursa-olsun Kursk vilayətindən geri çəıkilməyi dayandırmağı tələb edib.  Zelenski ehtiyat edir ki, bu orduda və xalq arasında narazılığı xeyli artıra,  ölkədə növbəti dəfə etirazlar baş qaldıra bilər. 


 Zelenskinin Qərb kəşfiyyatçıları qoruduğu  haqda iddialar da yeni sayılmaz.  Ukrayna prezidentinin təhlükəsizlik xidmətinin ingilis dilində danışdığı haqda da müxtəlif videolar  yayılıb.  Yəni müharibənin ilk günündən  Zelenskinin təhlükəsizliyinin Britaniya və ya ABŞ “mənşəli” olduğu bildirilir. Onun mühafizəçilərinin geyimlərində  Böyük Britaniya hərbi hissələrinin nişanları əks olunur. Böyük Britaniyada xüsusi  mühafizə məktəbi yoxdur, amma müxtəlif dövlət adamlarının,  o cümlədən kral ailəsinin təhlükəsizliyinə cavabdeh olan bir çox müxtəlif bölmələr var. Ağıllı ekspertlər deyir ki, əslində Britaniya Zelenskini qorumaqla bərabər, ona daha çox nəzarət  edir.  


Zelenskinin öldürülməsi indi çox səs-küy yaradardı. Hətta  ölümündən sonra ondan qəhrəman da düzəltmək olardı...  


Musavat.com

Seçilən
24
referans.az

1Mənbələr