AZ

Naxçıvanda ötən il ekologiyaya vurulan ziyana görə, ümumilikdə, 167 min manat cərimə tətbiq olunub

Naxçıvan, 17 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ötən il ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 1820 reyd-yoxlama keçirilib, 188 inzibati xəta halı qeydə alınıb. Balıq və digər su bioresurslarının mühafizə və ov qaydalarının pozulmasına, yaşıllıq sahələrinə vurulmuş ziyana və məhv edilməsinə, yer təkindən qanunsuz istifadə edilməsinə, tullantıların düzgün idarə edilməməsinə, atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına görə inzibati xəta və dəymiş ziyana görə ümumilikdə 167 min 90 manat məbləğində cərimə tətbiq olunub, 47 min 70 manat cərimə məbləğinin icrası təmin edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, ötən il 62 ictimai-iaşə obyektinə qaz-toztutucu qurğu quraşdırılıb. Qaz-toztutucu qurğuların quraşdırılmasına görə 526 ictimai iaşə müəssisəsinə və gəc sexinə məcburi göstəriş verilib. Çirkab suların Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulması məsələsinin araşdırılması üçün monitorinqlər davam etdirilib, kanalizasiya şəbəkəsi olmayan, kanalizasiya şəbəkəsinə qoşulmayan fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin rəqəmsal xəritəsi və yekun arayış hazırlanıb. Xüsusi mühafizə olunan təbiət ərazilərində biotexniki tədbirlər keçirilib, 1 ton daş duz, 70 kip qaba yem dağıdılıb, 1 ədəd su novu yerləşdirilib.

“2024-cü ildə Naxçıvan Muxtar Respublikasına gətirilməsi nəzərdə tutulan fauna növlərinin reintroduksiya proqramı hazırlanıb. Biomüxtəlifliyin qorunması, balıq bioresurslarının artırılması məqsədilə 250 min sazan körpəsi Heydər Əliyev su anbarına və Uzunoba su anbarına buraxılıb. Həmçinin fauna növlərinin tarixi areallarına reintroduksiyası ilə bağlı isə 40 kəklik, 15 turac təbiətə buraxılıb. Eyni zamanda muxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərindən 4 ədəd bezoar dağ keçisi xüsusi hazırlanmış qəfəslərə yerləşdirilərək populyasiyalarının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib”-deyə Xanlar Mustafayev əlavə edib.

Seçilən
7
azertag.az

1Mənbələr