AZ

Müşavirə: Artıq ölkədə formalaşdırılmış informasiya sistemi Naxçıvanda müəyyən istiqamətlərdə tətbiq edilir

Naxçıvan, 17 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya resurs bazalarının ölkənin analoji informasiya sistemləri və ehtiyatlarına inteqrasiyasının mövcud vəziyyətinin müzakirəsi ilə bağlı Baş nazir Ceyhun Cəlilovun sədrliyi ilə videoformatda müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müşavirədə Baş nazir dövlət başçısı İlham Əliyevin 2022-ci ilin sonundan etibarən Naxçıvan Muxtar Respublikasında idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqların kökündə dayanan əsas məsələnin ölkənin müvafiq mərkəzi icra və icra orqanlarının proseslərə inteqrasiyası olduğunu qeyd edib. Baş nazir bildirib ki, Prezidentin tapşırıqları ilə bu istiqamətdə ölkədə çox böyük islahatlar həyata keçirilib. Əsaslı dəyişikliklər, elə məhz proseslərin avtomatlaşdırılması, əlçatanlığın təmin edilməsi və elektron reyestrlər, resurslar hesabına vətəndaşlara dövlət xidmətlərinin ən rahat və sadə üsulla göstərilməsindən ibarət olub. Ölkədə həyata keçirilən bu islahatların Naxçıvan Muxtar Respublikasında da tətbiqi davam edir. Bu istiqamətdə ötən 2 il ərzində xeyli işlər görülüb. Artıq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlər üzrə “Asan indeksi”in nəticələri müsbət dinamikada davam edir.

"Bütün qurumlar göstərdiyi dövlət xidmətlərini və proseslərini elektronlaşdırmalı, avtomatlaşdırmalı, ölkənin müvafiq informasiya resurslarına inteqrasiyasını daha da sürətləndirməlidir"- deyən Baş nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən 2024-cü il 24 fevral tarixində müvafiq sərəncam imzalandı. Sərəncamda qeyd edildi ki, ölkənin dövlət orqanları tərəfindən formalaşdırılmış informasiya sistemlərinə və ehtiyatlarına Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən proseslərin inteqrasiyası məqsədilə müvafiq təhlillər həyata keçirilsin və cari vəziyyəti təhlil edilsin.

Ceyhun Cəlilov Nazirlər Kabinetinə müxtəlif icra orqanları tərəfindən 104 xidmətlə bağlı məlumatlar daxil edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, artıq ölkədə tətbiq edilən islahatların nəticəsində formalaşdırılmış informasiya sistemi Naxçıvan Muxtar Respublikasında müəyyən istiqamətlərdə tətbiq edilir.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Nemətov bildirib ki, Daxili İşlər Nazirliyində vətəndaşlar dövlət xidmətləri haqqında ətraflı məlumat əldə etmək imkanlarının şəffaf və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 25 dövlət xidməti elektron reystrdə qeydiyyata alınıb. Vətəndaşlara göstərilən dövlət xidmətlərindən 6-sı Daxili İşlər Nazirliyi, 7-si “ASAN xidmət” Mərkəzi, 8-i Dövlət Yol Polisi İdarəsi, 3-ü ərazi polis orqanlarında, 1-i mühafizə idarəsi tərəfindən həyata keçirilir. Qeyd olunan dövlət xidmətlərin vətəndaşlara əlçatanlığının təmin edilməsi məqsədilə elektron reyestrə məlumat yerləşdirilib. Həmçinin digər dövlət qurumlarının informasiya ehtiyatları sistemləri ilə inteqrasiya edilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir

vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov qeyd edib ki,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin idarə etdiyi Lisenziya və icazələr portalında Naxçıvan bölməsinin yaradılması və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyaların və vətəndaşların müraciətlərinin portala daxil edilməsi üzrə işlər aparılmaqdadır. Rəqəmsal sənəd dövriyyəsi alt sisteminin yaradılması üçün yeni server avadanlıqları alınmış və Nazirlikdə mövcud daxili sənəd dövriyyəsi (DOCNET) sistemi yeniləndikdən sonra, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri arasında birbaşa sənəd dövriyyəsi təmin ediləcəkdir. Hazırda daxili sənəd dövriyyəsinin qurulması davam etdirilir və cari ilin aprel ayı ərzində yekunlaşması gözlənilir.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə qeyd edib ki, ümumilikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 159 xidmət göstərilir. Naxçıvan Muxtar Respublikasında 141 xidmət tam şəkildə tətbiq edilir. Bunlardan 83-ü elektron, 42-i praktik qaydada həyata keçirilməkdədir. Muxtar respublika üzrə bütün məlumat bazası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sisteminə tam şəkildə inteqrasiya olunub, muxtar respublikanın bütün rayonlarında qeyd olunan bütün istiqamətlər üzrə bir pəncərə və e-sosial internet portalı vasitəsi ilə açılış şəraitində xidmət edilməkdədir.

Müşavirədə növbəti dövrdə qeyd olunan istiqamət üzrə işlərin davam etdirilməsinin

zəruruiliyi vurğulanıb, Nazirlər Kabineti tərəfindən inteqrasiyanın davamlı aparılması üçün zəruri resursların cəlb ediləcəyi bildirilib.

 

Seçilən
11
2
azertag.az

3Mənbələr