AZ

“Zirə” Sumanı satacaq? – Klubdan açıqlama

“Zirə”nin legioneri Salifu Sumaya xarici klubların marağı get-gedə artır. Bir çox Avropa klublarının maraq göstərdiyi qvineyalı futbolçuya son olaraq Rusiyanın “Lokomotiv” klubu göz qoyub. Hətta Moskva təmsilçisinin keçidi reallaşdırmaq üçün “Zirə”nin tələb etdiyi 800 min avronu da ödəməyə hazır olduğu deyilir. 

Bəs görəsən, “Lokomotiv”in Sumaya olan marağı nə dərəcədə ciddidir? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Suma ilə bağlı heç bir klubdan rəsmi təklif almadıqlarını bildirib: 

“Salifu Sumaya xarici klubların maraq göstərməsi təbiidir. Çünki gənc futbolçudur və özünü ən yaxşı tərəfdən göstərir, yaxşı perspektivi var. Ancaq onunla bağlı nə “Lokomotiv”dən, nə də başqa klubdan təklif almışıq. Ola bilər, bəzi menecerlər hansısa komandanın Sumanı izlədiyini açıqlaya bilərlər. Ancaq klub səviyyəsində heç bir danışıq olmayıb. Onun “Zirə” ilə 2027-ci ilə qədər müqaviləsi var. Əgər real maraq olsa və futbolçu özü getmək istəsə, o zaman “Zirə” istənilən klubla danışıq apara bilər”.

“Zirə” rəsmisi futbolçuya 800 min avro qiymət qoyduqları ilə bağlı xəbərə isə qısa cavab verdi:
 

“Futbolçuya transfer qiymətinin qoyulması kommersiya sirri olduğundan bu barədə hər hansı açıqlama verə bilmərəm”.


Qeyd edək ki, Salifu Suma 2023-cü ildə bu kluba transfer olunub və qısa müddət ərzində komandanın əsas oyunçularından birinə çevrilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
25
50
bizim.media

10Mənbələr