Sosial şəbəkədə “müalicə” yazan, tibbi mövzuda tövsiyələr verənlərin sayı getdikcə artır.
Xüsusilə onkoloji mövzuda çeşidli “reseptlər” verən, müalicə yöntəmləri təklif edənlərin sayı daha çoxdur.
Buğda cücərməsi, ərik tumu, soda, hətta kənd təsərrüfatında istifadə edilən kreolin preparatdan istifadə etməklə sağalmağın mümkün olduğunu iddia edirlər.
Bəs, bu deyilənlər nə dərəcədə doğrudur? Həqiqətənmi bu yöntəmlər xərçəng xəstəliyinin müalicəsində effektlidir?
Mövzu ilə bağlı Bizim.Media tibb üzrə fəlsəfə doktoru, həkim onkoloq Fərid Müseyibovla söhbətləşib.
Həkimin sözlərinə görə, onun pasiyentləri arasında da belə ara müalicələrə üz tutanlar olub:
“Belə müalicə metodları təklif edən videolar, materialları mən də görmüşəm. Hətta xəstələrimdən biri bunun ağır fəsadı ilə qarşılaşıb. Bir dəfə mənə zəng etdi ki, doktor, qanaxma baş verib. Soruşdum ki, bu, nədən sonra oldu? Etiraf elədi ki, kənd təsərrüfatında istehsal olunan həmin preparatı qəbul edib. Ondan soruşdum ki, sənə kim dedi onu iç? Qayıtdı ki, səsyazısı yayılıb.
Onu dinləyəndən sonra bunu elədim. Əlbəttə, belə metodlara, yöntəmlərə əl atmaq təhlükəlidir. Hər bir müalicə dərin bir elmə söykənməlidir. İsbat olunmuş müalicə metodu olmalıdır ki, ondan istifadə edilsin. Yoxsa o dedi, sosial şəbəkədə gördümlə müalicə olmaz. Onun fəsadı xəstəliyi daha da ağırlaşdırır”.
Həkim bildirib ki, xərçəng dövrün ən ağır xəstəliklərindən biridir və ciddi müalicə tələb edir:
“XXI əsr olmasına, texnologiyanın, elmin yüksək inkişaf etməsinə baxmayaraq, xərçəngi tam olaraq müalicə etmək olmur. Amma ilk mərhələlərdə olanda bu, mümkündür. Təəssüf ki, bizim pasiyentlərimiz həkimə ancaq 3-cü, 4-cü mərhələdə müraciət edirlər. Onda da iş işdən keçmiş, xərçəng orqanizmdə qol-qanad atmış olur. Bu mərhələdə də tibb onun öhdəsindən gələ bilmir. Ona görə də vaxtaşırı müayinələrdən keçmək, mütləqdir”.
Onkoloq deyir ki, şiş xəstəliklərinin müalicəsində bitkilər təsirsizdir:
“Bəli, elə bitkilər var, müəyyən xəstəliklərdə kömək edir. Amma onkoloji xəstəliklərdə bitkilərin təsiri ilə bağlı sınanmış təcrübə yoxdur. Düzdür, deyə bilərsiniz ki, dərmanların çoxu elə bitkilərdən hazırlanır. Amma dərmanlar isbat olunmuş, təcrübə edilmiş, təsdiqlənmiş preparatlardır”.
Söhbət əsnasında onkoloq “bəzi xarici ölkələrdə onkoloji xəstəliklər yoxdur. Amma Azərbaycanda isə hər gün artır” iddiasına da cavab verdi:
“Xərçəng xəstəliyi bütün insanlarda olur. Mən bir dəfə Türkiyədə elmi rəhbərimə sual verdim ki, necə etmək olar ki, insanlarda xərçəng xəstəliyi olmasın. O mənə cavabında dedi ki, xərçəngə tutulmamağın tək çarəsi doğmamaqdır”. Yəni nə qədər insan var, xəstəlik də olacaq. Sadəcə, vaxtlı-vaxtında müayinə olunmaq lazımdır. Bəzi ölkələrdə - İsraildə, yaxud Qərbi Avropa ölkələrində bu xəstəlik azdır, ona görə ki, oranın vətəndaşı vaxtlı-vaxtında həkimə gedir.
Ağrı oldu, olmadı, müntəzəm “Check - up”dan keçirlər. Erkən mərhələdə diaqnoz qoyulub sağaldıqlarına görə biz kənardan baxıb o ölkədə xəstəlik yoxdur deyirik. Halbuki elə deyil. Biz bəzən insanlarımızı başa sala bilmirik ki, profilaktik müayinələr mütləqdir. Şikayət olsa da, olmasa da, qadınlar 30 yaşdan yuxarı ildə 1-2 dəfə mammoqrarfiyadan, ginekoloji müayinədən, kişilər prostat müayinəsi, yaxud kolonoskopik müayinədən, siqaret çəkənlər ciyərlərini müayinədən keçirsinlər.
Erkən müəyyənləşəndə bunun yüzdə yüz nəticəsi də olur. Bununla yanaşı, immuniteti yüksək saxlamaq, stressdən uzaq omaq, sağlam qidalanmaq və daim hərəkətdə olmağa çalışmalıyıq. Əsas bunlardır. Təəssüf ki, bizdə çox zaman bunları gözardına alırlar, üstəlik həkimə də o vaxt gedirlər ki, xəstəlik artıq 3 və 4-cü mərhələyə çatıb. Onda da heç nə eləmək mümkün olmur. Müalicələrlə xəstələrin yaşama şansı maksimum 5 il olur”.
Rəna Cumaqızı, Biizm.Media