AZ

“Razılaşmalar əldə olunarsa, ABŞ və Aİ Ermənistanı silahlandıracaq”-ekspert

 

“Ermənistanın “Ukraynalaşması” artıq ötən ildən bəri gündəmə gələn mövzudur. Bu, xüsusilə Ermənistanın KTMT-də fəaliyyətinin de-fakto dayandırılması barədə Paşinyanın elanından sonra gündəmə gəlib”.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib. Ekspert erməni siyasi və politoloji dairələrinin bu məsələdə xüsusilə həssas olduğuna diqqət çəkib:

“Onlar Rusiyanın kəskin davranış sərgiləyəcəyindən təbii ki, narahatdırlar. Lakin “itirə biləcəyimiz hər şeyi onsuz da itirmişik” (ərazi anlamında) yanaşması ilə Rusiyadan bundan artıq təhdid gələ bilməyəcəyi yönündə düşüncə də mövcuddur. Bu baxımdan Lavrovun bu günkü açıqlaması diqqətəlayiqdir.

1692188263303505561_1200x630.jpg

O bəyan edib ki, mənə əvvəl elə gəlirdi ki, Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, KTMT və Avrasiya İB-də fəaliyyətin Ermənistana faydasını anlayır:

“Amma indi Ermənistanın Təhlükəsizlik Şurasında və Parlamentində rəsmilərin birbaşa bəyanları, Ermənistanın Aİ-yə daha çox bel bağlaması lazım olduğunu ifadə etmələri, təbii ki, nikbinlik yaratmır və Ermənistan-Rusiya münasibətlərinin dağılmasına gətirib çıxarır”. Göründüyü kimi, Rusiya xarici siyasətinin birinci şəxsinin dilindən belə ağır ittihamın səslənməsi, bunun arxa fonunda müəyyən hadisələrin cərəyan edəcəyinə işarədir. Yəqin ki, bizim kimi Rusiya da 5 aprel 2024-cü il tarixində baş tutacaq görüşü gözləyir və bu görüş ərəfəsində Rusiyanın təhdid mesajlarını çatdırır. Belə ki, bu tarixdə Paşinyan ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşəcək və Ermənistana “Avropa Sülh Mexanizmi” ilə hərbi dəstəyin göstəriləcəyi, həmçinin Ermənistanın Aİ üzvlüyü yolunda irəliləyəcəyi ilə bağlı müvafiq razılaşma əldə olunacağı ehtimallar arasındadır. Bu o deməkdir ki, razılaşmalar əldə olunarsa Ermənistan ABŞ və Aİ tərəfindən silahlandırılacaq, sərhəddəki Aİ missiyasının müşahidəçilərinin fəaliyyət forması genişlənəcək, Rusiyanın müvafiq hərbi-iqtisadi imkanları məhdudlaşdırılacağı gözlənilir”.

Ş.Cəlilzadənin vurğulayıb ki, əslində, Rusiya-Ermənistan arasındakı hazırkı iqtisadi göstəricilər yetəri qədər nikbindir: “Belə ki, 2024-cü ilin yanvar ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 93% artıb, həmçinin Rusiyanın Ermənistan iqtisadiyyatındakı ümumi payı 37%-dən 40,1%-ə yüksəlib. Beləliklə, həm də bu cür düşünmək olar ki, Ermənistan Azərbaycanın 1994-cü ildən sonrakı strategiyasını təkrarlayır. Belə ki, Azərbaycan I Qarabağ müharibəsində məğlub olandan sonra Qərblə enerji-iqtisadi münasibətlərini yeni fazaya çıxararkən, “Lukoil” şirkətinə (1997-də) 10%-lik pay verməklə münasibətləri tarazlaşdırdığı kimi Paşinyan da artıq balanslı siyasətə doğru addım atmaqdadır. Rusiyanın bunu necə qarşılayacağına dair isə fikirlər müxtəlifdir. Ermənistanın NATO-ya, yəni Qərbin hərbi qanadı altına girmədiyi müddətcə (Ukraynada NATO üzvlüyünə dair danışıqlar başlamışdı) Ermənistanın bənzər ssenari yaşamayacağı da təxminlər arasındadır. İstənilən halda, Azərbaycandan “təhdid amili” uydurub (guya Ermənistana hücum edəcəyik tezisləri ilə) Ermənistanın Qərb tərəfindən silahlandırılması, müəyyən mənada Aİ-nin Cənubi Qafqaz siyasətində Rusiyanı sıxışdıraraq bölgəyə yerləşməsi olaraq da anlaşıla bilər”.

Ekspert əlavə edib ki, bu əsnada Qərb Azərbaycan maraqlarını heçə saymamalıdır, çünki regional münasibətlər Azərbaycanı nəzərə almadan inkişaf edə bilməz. “Ermənistan KTMT-dən rəsmi qaydada çıxaraq NATO qüvvələrini de-fakto, yəni rəsmi olmasa belə bölgəyə gətirməyə cəhd edərsə o zaman, Rusiya qarşıdakı dövrdə ona mütləq sərt cavab verəcəkdir” deyə Ş.Cəlilzadə bildirib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla