AZ

İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?

Vətən müharibəsindəki şanlı qələbə, lokal antiterror tədbirləri və Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasının ardınca Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev daha bir uğura imza atıb. Uzun sürən danışıqların ardınca Ermənistanın işğalı altında qalan Qazaxın dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması təmin olunub. Bununla da tarixi Azərbaycan torpaqlarının ana vətənə birləşdirilməsinin növbəti mərhələsi başa çatıb.

 

Məlumat üçün qeyd edək ki, XX əsrin 90-cı illərinin əvvəllərində işğal edilən bu kəndlər Ermənistana ilhaq edilmiş, rəsmi İrəvan tərəfindən unutdurulmağa çalışılmışdır. Bu məqsədlə də həmin kəndlərin adı dəyişdirilərək erməniləşdirilmiş, bu kəndlərə erməni ailələri köçürülmüş, faktiki olaraq Ermənistana birləşdirilmişdi.

 

Həmin kəndlərin Ermənistana məxsusluğu fikri erməni ictimai fikri tərəfindən də qəbul edilmiş, düşüncə olaraq mənimsənilmiş, həzm edilmişdi. Bu səbəbdən də 44 günlük Vətən müharibəsində Qarabağın azad edilməsi, bu torpaqların yenidən Azərbayacanın de-fakto nəzarətinə keçməsi fikri Qazaxın 4 kəndinin itirilməsi ilə müqayisədə erməni ictimaiyyəti tərəfindən daha asan, daha rahatlıqla qəbul edilmişdi.

 

Məlum 4 kənd erməni ordusu tərəfindən ilk işğal edilən və Ermənistana birləşdirilən torpaqlar olduğu üçün erməni cəmiyyəti, eləcə də bu ölkənin siyasi elitası həmin kəndlərin qaytarılmasına Ermənistan ərazisinin itirilməsi kimi dəyərləndirir, bunu  yolverilməz hesab edirdi.

 

Etiraf etmək lazımdır ki, Vətən müharibəsindən öncə Qazaxın 4 kəndinin nə zamansa ölkəmizə qaytarılacağı fikrinə Azərbaycanın özündə də inam o qədər də böyük deyildi. Bu, fikir əksəriyyət tərəfindən reallıqdan daha çox gerçəkləşməsi mümkünsüz olan ümidsiz bir arzu, imkansız bir xəyal kimi qəbul edilirdi. Lakin Prezident İlham Əliyev bu dəfə də ictimai fikri yaxşı mənada yanılda, mümkünsüz kimi görünən arzuları reallaşdıra bildi. O, erməni təbliğat maşınını bir qərinə öncə həzm etdiyi bu “loxmanı” onun mədəsindən geri qaytarmağı, tarixi Azərbaycan torpaqlarını böyük vətənə birləşdirməyi bacardı. İlham Əliyev bununla sübut etdi ki, onun üçün mümkünsüz olan heç nə yoxdur və hamı üçün imkansız görünən hədəflər belə onun üçün reallaşdırılması sadəcə zamana bağlı olan məsələlərdir.

 

Bəli, İlham Əliyev bu gün – 19 aprel 2024-cü il tarixində tarixi Azərbaycanın əzəli xəritəsinin bərpası yolunda daha mühüm bir uğura nail oldu. Bu uğur İlham Əliyevin siyasi nəhəngliyini növbəti dəfə təsdiqləməklə yanaşı, öz gəlişi ilə başqa bir suallı aktuallaşdırmış oldu. İnsanların sadəcə bu gün deyil, əsrlər sonra da onun haqqında israrla düşünməli olacağı sual isə budur:  İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa siyasi sehrbaz?

 

Seymur ƏLİYEV

 

Seçilən
88
50
Mənbələr
Şərh ()
Bağla