AZ

“Qarşıdurmaların dərinləşməsi dünyanı qütbləşdirir” - ŞƏRH EDİLDİ

“Əslinə baxdıqda üçüncü dünya müharibəsi faktiki olaraq artıq başlayıb. Sadəcə olaraq bu rəsmi olaraq elan olunmayıb. Ümumiyyətlə isə Üçüncü dünya müharibəsi - dünyanın müxtəlif yerlərində baş verən konfliktlərin dəhşətli yeni müharibəyə səbəb olacağını bildirmək üçün istifadə olunan siyasi termin kimi qəbul olunur.
Bu gün dünyanın fərqli yerlərində, o cümlədən də Şimal və Cənub qonşularının iştirakı ilə baş verən hadisələr onu deməyə əsas verir ki, hazırda dünyanın faktiki bölüşdürülməsi prosesi gedir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, bütün dünya müharibələrinin dünyanı bölüşdürmək uğrunda baş verdiyini nəzərə alaraq da deyə bilərik ki, indi baş verənlər elə əslində Ümüncü dünya müharibəsidir:
“Bu mövqe, ayrı-ayrı beynəlxaq tribunalarda da ən yüksək səviyyədə dəfələrlə səsləndirilib. Elə Prezident İlham Əliyev də 2023-cü ildə yerli telekanallara müsahibəsində indi faktiki olaraq üçüncü dünya müharibəsinin getdiyi ilə bağlı fikirlərini bölüşüb.

Qarşıdurmaların dərinləşməsi dünyanı qütbləşdirir. Beynəlxalq təhlükəsizlik sisteminin zəifləməsi, beynəlxalq hüququn unudulması, baş verən konfliktlərə beynəlxaql qurumların ikili yanaşmaları və faktiki olaraq beynəlxaq nəzarət sisteminin işləməmə dünyanın yenidən bölüşdürülməsinə imkan yaradır. Hazırda kollektiv Qərb yeni geosiyasi xəritəni formalaşdırmaqla məşğuldur və bunun üçün də dünyanın müxtəlif bölgələrində məqsədli şəkildə müharibə ocaqları yaradır. Elə Rusiya-Ukrayna müharibəsini götürək. Hər kəsə məlumdur ki, bu müharibə təkcə iki dövlət arasında gedən müharibə deyil. Bu, Qərbin Şərqlə, xüsusilə Rusiya, Çin və İranla mübarizəsinin tərkib hissəsidir. Elə məhz bu səbəbdəndir ki, istər Çin, istərsə də İran açıq şəkildə Rusiyanı dəstəkləyən mövqe nümayiş etidirirlər. Çünki bilirlər ki, Rusiyadan sonrakı hədəf məhz elə Çin və İran olacaq.
Yaxın Şərqdə baş verənlər, İsrail-Həmas qarşıdurması fonunda, Fələstin İsrail münasibətləri, Yəməndə Hüsilər, Livanda Hizbullah, İraqda “Şiə müsəlman Polisi” adlı qruplaşmalarla mübarizə, İranın birbaşaya müharibəyə cəlb olunması üçün atılan addımlar da üçüncü dünya müharibəsinin, əslində, çoxdan başladığını sübut edir.
Ən təəssüfedici hal isə odur ki, baş verən qarşıdurmaların, müharibələrin yaxın vaxtlarda başa çatacağı ilə bağlı ümidlər demək olar ki, yoxdur. Proseslər onu göstərir ki, döyüşlərin şiddəti və arealı daha da genişlənəcək.

Şübhəsiz ki, bu gün dünyanın ayrı-ayrı bölgələrində baş verən müharibələr bir-biri ilə sıx bağlıdır. Çünki, Şərqi Avropadakı vəziyyət Yaxın Şərqə, oradakı durum isə öz növbəsində Mərkəzi Asiyaya, Cənubi Qafqaza təsir edir. Azərbaycan olaraq biz maksimum şəkildə bu proseslərdən kənarda qalmağı bacarmışıq. Heç bir bloka qoşulmamağımız, müstəqil və balansı xarici siyasət kursu həyata keçirməmiz bizə bir çox qarşıdurmalardan kənarda qalmağa imkan verib”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla