AZ

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

Sumqayıt, 27 aprel, AZƏRTAC

Səhiyyə Nazirliyi mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fləş-moblar keçirir. Sumqayıt şəhərində təşkil edilən növbəti aksiya görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnməsi, eyni zamanda, bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Budəfəki tədbirdə kollecin müəllim və tələbə heyəti tasfiksiya, kliniki ölüm, bədbəxt hadisələr zamanı həyati təhlükəni ortadan qaldırmaq, həyati funksiyaların bərpası və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarını əyani şəkildə nümayiş etdirib. Eyni zamanda, maarifləndirici tədbir xəstə və ya yaralının vəziyyətinin pisləşməsinin qarşısını almaq, yaxşılaşmanı asanlaşdırmaq, peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya (xəsarət almış şəxsə) ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədilə təşkil olunub.

Tədbir iştirakçılarına görkəmli alim oftalmoloq akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Sumqayıt Tibb Kollecinin tələbələri və könüllülərin iştirakı ilə “İlk tibbi yardım - ikinci həyata addım” adlı fləş-mob təşkil olunub. Fləş-mobda kollecin tələbələri tərəfindən akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan 101 rəqəmi vizual olaraq nümayiş etdirilib.

Həmçinin “İlk tibbi yardımı öyrən - həyat xilas et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar verilib.

Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Həmçinin kollecin tələbələri mulyaj və insanlar üzərində ürəyin qapalı masajı, süni tənəffüsün verilməsi qaydalarını göstəriblər. Bundan əlavə, aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fləş-mobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsini planlaşdırır.

 

Seçilən
0
13
Mənbələr
Şərh ()
Bağla