AZ

Akademik Zərifə Əliyevanın 101-ci ildönümü Şamaxıda qeyd olunub

Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Şamaxı RMX-dan xəbər verilib.

 

Tədbiri giriş sözüylə açan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru İmran Qurbanov Akademik Zərifə Əliyevanın tibb elminə verdiyi töhfələrdən, bu sahədəki nailiyyətlərindən danışıb. Bildirib ki, akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir.

 

Diqqətə çatdırılıb ki, görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Akademik Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Alimin birbaşa rəhbərliyi altında alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib.

 

İ.Qurbanov bildirib ki, fitri istedadı ilə elmin ən yüksək zirvəsinə ucalan, eləcə də xalqımız üçün gördüyü əvəzolunmaz işlərlə daim ehtiramla anılan Zərifə Əliyeva yüksək insani keyfiyyətləri ilə gələcək nəsillərə örnəkdir.

 

Tədbirdə həkim oftalmoloq Gülnarə Sadıqova çıxış edərək bildirib ki, Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olub. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş tətbiqini tapıb və nəticədə respublikada traxoma bir xəstəlik kimi aradan qaldırılıb.

 

Tədbirdə yekun nitqiylə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycanın ictimai-siyasi həyatında iz buraxmış, görkəmli xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış Azərbaycan xanımı, görkəmli elm xadimi, oftalmologiya sahəsinin peşəkarı, şəfqətli həkim, Ümummilli Lider Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı və ölkəmizə müzəffər sərkərdə, lider bəxş edən qayğıkeş ana Zərifə Əliyevanın yüksək insani dəyərlərə sahib olmasından danışıb. O, görkəmli alimin ölkəmizdə tibbin inkişafına əhəmiyyətli töhfələr verdiyini, həkimlik etikasını daim diqqət mərkəzində saxladığını və oftalmologiya sahəsində elmi əsərləri ilə böyük təqdirlə qarşılandığını bildirərək, görkəmli alimin mənalı ömür yolundan bəhs edib.

 

Daha sonra Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən filim nümayiş olunub.

Seçilən
3
50
Mənbələr
Şərh ()
Bağla