AZ

Avropanın İslam qorxusu - Müqəddəs kitabımıza qarşı hörmətsiziliyin arxasında başqa niyyətlər var

Son illər Avropanın ayrı-ayrı ölkələrində İslam dininə və müqəddəs kitabımız olan "Qurani-Kərim"ə qarşı açıq düşmənçilik nümayiş etdirilməkdədir. İsveçdə, Danimarkada və Norveçdə müqəddəs kitabın yandırılması hallarına tez-tez rast gəlinir.

Azərbaycan belə ölkələrdən fərqli olaraq, bütün dəyərlərə, o cümlədən dinlərə, dini adət-ənənələrə, səmavi kitablara dərin hörmətlə yanaşır. Hətta torpaqlarımızı 30 ildən çox işğal altında saxlayan və minlərlə azərbaycanlının ölümünə səbəb olan ermənilərin kilsələri, qəbirləri də qorunmaqdadır. Təkcə Bakı şəhərində xeyli sayda kilsə və sinaqoq açıq şəkildə fəaliyyət göstərir, həmin dinlərin nümayəndələri sərbəst şəkildə öz ibadətlərini yerinə yetirirlər.

Daim insan haqq və azadlıqlarının müdafiəçisi olduğunu iddia edən Avropa ölkələrində İslama dözümsüzlük nədən qynaqlanır?

İlahiyyatçı alim Hacı Təyyar Hüseynli TNS-ə bildirib ki, Avropa demokratiya, insan haqları, dinlərarası dostluq, tolerantlıq və digər dəyərlərlə bağlı özünü qabaqcıl və sivil qitə kimi təqdim etməyi bacarıb: “Bu qitədə xaçpərəstlər nə qədər çox olsalar da, əsas çoxluğu təşkil etmirlər. Əsrlər boyu dünyanın hər yerindən buraya miqrant axını olub və bu proses davam edir. Avropalılar da bunu qəbul etməli, başa düşməlidir ki, miqrant axınının da öz ideoloji prinsipləri, həmin insanların mənsub olduğu dinlər var".

din

Müsahibimiz deyib ki, "Qurani-Kərim"ə münasibətin məqsədli şəkildə qıcıq yarada biləcək səviyyəyə çatdırılması Avropanın əsl prinsiplərinə, həyata keçirdiyi siyasətə qarşıdır: "Biz həmişə belə başa düşürdük ki, bəzi İslam ölkələrində dinlə bağlı məhdudiyyətlər olsa da, Avropada yoxdur. Çünki onlarda gender bərabərliyi və s. çox yüksək səviyyədədir. Amma müqəddəs kitabımızın bir neçə dəfə yandırılması göstərdi ki, dünya əhalisinin 30 faizdən də çoxunun inandığı dinə və kitaba qarşı aqressiya var. Əgər Avropa dövlətləri buna göz yumursa, yaxud məqsədli şəkildə şərait yaradırsa, deməli qitə haqqında formalaşmış fikirlər boş bir xülyadır".

O vurğulayıb ki, Azərbaycanda "Qurani-Kərim"lə yanaşı, digər səmavi kitablara da dərin hörmətlə yanaşılır: "Qurani-Kərim" müqəddəs kitabımızdır, ona böyük hörmətlə yanaşırıq. Avropa xalqları "Qurani-Kərim"ə qarşı ölkəmizdə, digər İslam dövlətlərində "İncil"ə, "Tövrat"a, "Zəbur"a olan münasibətin əksini nümayiş etdirir. Bu günə qədər müsəlman ölkələrinin heç birində İncilə və ya o biri kitablara qarşı nifrətin olduğunu, yaxud bu cür hörmətsizliyin edildiyini eşitməmişik. Amma xristian ölkələrində "Qurani-Kərim"in cırılması, yandırılması halları tez-tez baş verir. 

Avropada məqsədli şəkildə islamofobiya təfəkkürünün formalaşdırıldığını deyən müsahibimizin sözlərinə görə, qitə xalqları qorxuya düşüb: "İslam dəyərləri misilsiz və əvəzedilməz olduğu üçün bütün dünyanı fəth edib. Xristian dövlətləri və rəhbərləri bütün Avropanın sürətlə islamlaşmasından, heç bir şeyə yaramayan və çirkaba bulaşmış mədəniyyətindən xilas olacağından qorxurlar. Mədəni dəyərləri, etikası, gigiyenik qaydaları, kulinariyası və digər sahələrdə İslam kimi mükəmməl bir din yoxdur. Hansı ölkələrdə müsəlmanlar uğur qazanırsa, nailiyyətlər əldə edirsə, orda islamofobiya meylləri güclənir, İslam terror dini kimi təqdim olunur, məqsədli şəkildə dinimizi gözdən salmağa, təhqir etməyə çalışırlar. Əgər bu gün qitədə eynicinsli münasibət açıq təbliğ olunursa, deməli insani və mənəvi dəyərlər tənəzzülə uğrayıb. "Qurani-Kərim"də Allah (Sübhantəala) buyurur ki, "Nəhnu nəzzəlnəhuzzikrə və innəhu ləyuhafizun". Yəni, "Biz zikri, yəni "Quran"ı endirmişik, biz onu əbədi qoruyacağıq". Vll əsrdə Ərəbistanda endirilən "Quran"ın bu günə qədər bir nöqtəsi və vergülü belə dəyişməyib".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla