AZ

Goranboylu Milli Qəhrəmanın anım tədbiri

Goranboyda Şəhid Milli Qəhrəman Niyazi Aslanovun anım tədbiri keçirilmişdir.

Tap Qaraqoyunlu kənd Şəhidlər Xatirə Abidə Kompleksində keçirilən  tədbirdə Goranboy  Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri və müharibə iştirakçıları, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

Tədbir iştirakçıları Niyazi Aslanovun büstü və Xatirə Kompleksini ziyarət etmiş, şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq ruhlarına dualar oxumuşlar. Məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Qeyd edək ki, Niyazi Aslanov  25 dekabr 1960-cı ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində dünyaya göz açıb. Orta məktəbi doğulduğu kənddə bitirib. 1979-81-ci illərdə Rusiyanın Altay diyarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdan Niyazi təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirib. Əmək fəaliyyətinə sovxozda aqronom kimi başlayıb. Respublikamızın erməni təcavüzünə məruz qaldığı zaman o da silaha sarılaraq Vətənin müdafiəsinə qalxmağa qərar verib. 

1988-ci ildə Goranboy rayonunda özünümüdafiə dəstəsi yaradılarkən bura ilk yazılanlardan biri də Niyazi olub. Ermənilərin azğınlığı onu hərbi texnika axtarıb tapmağa sövq edib. Döyüş yoldaşları ilə birlikdə sıradan çıxmış iki tankı ələ keçirib təmir etdirərək onları döyüş vəziyyətinə gətirib. Həmin tanklarla təkcə Tap-Qaraqoyunlu kəndini deyil, rayonun bir sıra digər kəndlərini də erməni hücumlarından qorumağa müvəffəq olublar. 

Şəfəq kəndinin ermənilərin əlinə keçmək qorxusu yarananda Niyazi Aslanov öz tankı ilə kəndə girmiş və düşməni geri oturtdura bilmişdir. O, Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. Cəsur döyüşçü 4 may 1992-ci ildə Tap-Qaraqoyunlu kəndinin yaxınlığındakı “Yaltağıl” deyilən yerdə keçirilən əməliyyat zamanı qeyri-bərabər döyüşdə öz komandiri İsfəndiyar Əsədovu ölümdən xilas edərkən qəhrəmancasına həlak olub.         

Niyazi Aslanov Tap-Qaraqoyunlu kəndində dəfn edilmişdir. Ailəli idi. İki oğlu həyatda yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. 

Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Goranboy rayonu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla