AZ

“Azərbaycanla Türkiyə bizi məhv etmək istəyirsə, çıxış yolu budur”- Paşinyan çarə tapdı...

Image

Ramil Hüseynov: “Paşinyan bununla cəmiyyəti kompromislərə kökləməyə çalışır”

Ermənistan baş naziri Nikol Paşinyan ölkə televiziyasına müsahibəsində deyib ki, Azərbaycan və Türkiyə bizi məhv etmək istəyirsə, o zaman biz bu istəyi cilovlamağı bacarmalıyıq:

“Biz başa düşməliyik ki, bu istəyi dəyişdirə bilərik, ya yox. Yoxsa biz də əsgəri qoyub məzuniyyətə getməli və ya Baden-Badendə təhsil almalıyıq? Bizi məhv etmək istəyini necə idarə edə bilərik? Qanunla. Biz beynəlxalq münasibətlərimizi legitimlik əsasında qurmalıyıq. Qanunilik ən yaxşı zamindir, yaxşı zamindən də yaxşıdır. Əgər forpostun zamini varsa, o zaman niyə ərazilərimizin işğal altında olduğunu deyirik? Zəmanət verirəm ki, legitimlik pis qarantdan daha yaxşı təminatdır. Qonşularla münasibətlərin nizamlanmasının legitimliyi düsturu hətta yaxşı zamindən də qat-qat yaxşı zamindir. Qanuniliyinizi başqasının yaxşı zəmanətləri ilə dəyişmək istəyirsinizsə, o zaman suverenliyinizdən və müstəqilliyinizdən imtina edirsiniz. Seçim məhz buradadır. Biz seçirik: həssas beynəlxalq hüquq, yoxsa toxunulmaz beynəlxalq hüquq?”.

Bir sözlə, bununla Paşinyan demək istəyib ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin yoluna qoyulması sərhədlərin delimitasiyasından və sülh razılaşmasından keçir.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Paşinyan bununla cəmiyyəti kompromislərə kökləməyə çalışır: “Məsələ ondadır ki, Qazaxın 4 esklav olmayan kəndin geri qaytarılması ilə bağlı İrəvanın qərarı revanşistləri hərəkətə gətirib. Onlar bundan sui-istifadə edərək Paşinyana qarşı təbliğat kampaniyasını gücləndiriblər. İstər Rusiyapərəst, istərsədə Qərbpərəst müxalifət bunu əlində bayraq edərək Nikolun üzərinə gedir, onu danışıqlarda zəif mövqe sərgiləməkdə, satqınlıqda ittiham edirlər. Tavuşda prosesi pozmaq üçün keçirilən aksiyalar da buna xidmət edir. Ancaq aksiyada iştirak edənlərin əksəriyyəti kənardan gəldiyi üçün istənilən effekti ala bilmirlər. Əslində isə Paşinyan bizə məxsus olan kəndləri geri qaytarır. Bir zamanlar Ermənistan Rusiyaya güvənərək ərazilərimizi işğal altında saxlayırdı. Artıq məlum olduğu kimi, o amil də ortadan qalxıb və Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə təmin edib. Nikol açıqlamasında forpost sözünü işlətməklə əslində buna işarə edir. Yəni eyham vurur ki, dünən Rusiyaya, bu gün Ermənistan Fransaya arxalanmaqla uzağa gedə bilməz. Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından gedir. Onsuz da Ermənistanda demoqrafik göstəricilər aşağıdır. Doğum səviyyəsi aşağı düşür, ölkədən xaricə miqrasiya dayanmır. Ona görə də Ermənistan varlığını qorumaq istəyirsə, sülhə getməlidir. Bütün deyilənlərin mahiyyəti budur”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla