AZ

Şamaxı Astrofizika Rəsədxanasında əməyin təhlükəsizliyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Həmkarlar İttifaqı Təşkilatının təşəbbüsü ilə Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı “Qlobal iqlim dəyişiklikləri fonunda əməyin təhlükəsizliyinin təmini aspektləri. Yaşıl iş mühitində sağlam əmək şərtlərinin təşkili” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə rəsədxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə rəsədxana kollektivi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dağlıq Şirvan Regional Filialı, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və YAP Şamaxı Rayon Təşkilatının rəsmiləri iştirak edib.

“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında keçirilən tədbirin məqsədi, bu kimi təsirlərin minimuma endirilməsi, fəsadların aradan qaldırılması üçün maarifləndirmənin aparılmasıdır.

Tədbiri ŞAR-ın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq iştirakçıları salamlayıb və onlara rəsədxanada əməyin təhlükəsizliyinin təşkili məsələləri ilə bağlı məlumat verib. Qeyd edib ki, ŞAR-da əməyin mühafizəsinin təşkili bütün normativ hüquqi aktlara tam riayət olunmaqla qanunvericilik çərçivəsində həyata keçirilir.

İqlim dəyişiklikləri fonunda əməyin təhlükəsiziliyinin təmini sahəsində yeni çağırışlara da toxunan Namiq Cəlilov cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamını xüsusi vurğulayıb. O, qeyd ki, bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Bu baxımdan, cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçiriləcək olması da təsadüfi deyildir. COP29 qlobal iqlim böhranını həll etmək məqsədilə konkret addımların müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin icra olunmasına nəzarət etməkdir.

Sonra tədbir iştirakçılarına iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri mövzusunda videoçarx təqdim olunub.

Tədbir öz işini rəsmi qonaqların çıxışları fonunda davam etdirib. Dövlət Sosial Müdafiə Fondunun Dağlıq Şirvan Regional Filialının baş mütəxəssisi Uğur Abdullayev və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Ramazan Gidayev müvafiq olaraq “Əməyin mühafizəsi” və “İqlim dəyişikliyinin sağlam və təhlükəsiz əmək şəraitinə təsiri” mövzularında çıxış ediblər.

Maarifləndirici xarakter daşıyan çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və kollektivin məlumatlılığının artırılması üçün bu kimi tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
Mənbələr
Şərh ()
Bağla