AZ

Bir fotonun yaddaşı

Bu da mənim ondan eşitdiyim, oxuduğum və gördüyümdür

Təklik belədir – adam axşamlar çox darıxır. Yaxınların, dost, tanış zəng edəndə, qapını açanda sevinirsən. Eynin açılır, fikir-xəyaldan bir qədər uzaqlaşırsan. Sonra da Fb-yə girib gecəyarı çıxırsan... Hərdən də köhnə şəkilləri ortaya töküb bu gəlimli-gedimli dünyada ömür yoluna çıxan insanlarla “söhbətləşirsən”. Səni sevindirən, yaxud dağ çəkən illəri, günləri təkrar xatırlamalı olursan. Axı foto-şəkil ötənlərin əksidir.

Bəzən bunlar da işə yaramır, təkliyin əlindən bütün gecəni “aranı dağa, dağı arana daşıyırsan”, evin daş-divarı üstünə gəlir...

Təkliyi tək qalsın görüm dünyada! Səhv etmirəmsə, Söhrab Tahirin sözüdür. Səhv edirəmsə, bağışlayın. Belə misralar onun poeziyasında hakimdir. Ruhu şad olsun!

Yenə köhnə foto-şəkilləri gözdən keçirirdim. Manaf müəllimin özünün mənə verdiyi şəkli keçdi əlimə. Doğma yurdu, hər daşı tarix olan Lahıcda çəkilib. Yazıçı-alim bu şəkli mənə ondan müsahibə alandan sonra bağışlayıb. 

Gəlin o qış günü gördüklərimi və eşitdiklərimi sizlərə də nəql edim.

Azadlıq prospekti qara bürünmüşdü. İlk qar Bakıya yeni ildən əvvəl gəlmişdi. Nəqliyyat işləmirdi. Uşaqların səs-küyü həyəti başına götürmüşdü. Üçüncü mərtəbəyə qalxıb qapını astaca döydüm. Bir azdan qapının arxasından Manaf müəllimin səsi gəldi.

 Qapını açıb: “Tez gir içəri, soyuq dolmasın”, – dedi. Amma mənzilin havası da soyuq idi. Kişi yun adyala bürünmüşdü: “Gəl mətbəxdə oturaq, yenə ora havalıdı...Seyidin kürəkəni, yaxşı ki, gəldin, yaman darıxırdım”. Sonra əlavə etdi ki, çaydanı qazın üstünə qoy, bir mürəbbəli çay içək.

Balaca, lakin xudmani mətbəxdəki servantın əl işi olduğu diqqətimi çəkdi. Qapıları üzərində milli naxışlardan ibarət oymalar gözəl işlənmişdi. Servantın üzərində ingilis dilində bir kitab vardı. Üzqabığına yazılanı nə illah elədimsə, tərcümə edə bilmədim. Ağlıma gələn bu oldu ki, yəqin, Manaf müəllim o kitabı tərcümə eləmək istəyir...

İstəyirdim ki, kişinin keyfi açılsın, darıxmasın. Amma bilmirdim ki, söhbətə nədən başlayım. Cəkinirdim ki, yersiz söz deyərəm, söhbəti korlayaram, kişi “acı” dilini işə salar. Yaxşı oldu ki, söhbətə özü başladı. Dedi ki, yəqin, indi Lahıcda qar dizə çıxır. Kaş orada olaydım, odun peçini qalayıb yaxşıca qızınardım. Hə, Lahıc haqda kitabı da bitirib verdim “Azərbaycan” jurnalına, hissə-hissə  çap olunacaq, oxuyarsan.

O bu sözləri deyəndə mən servantın şüşəsinə keçirilmiş foto-şəkillərə baxırdım. Fotolar hansısa toyda çəkilmişdi.O şəkillərdə Manaf müəllim 55–60 yaşlarında olardı. Şəklin birində ayaq üstə danışır, elə bil şeir deyirdi. Başqa bir şəkildə cavanların əhatəsində idi. Şəkildəkiləri tanımırdım, ancaq anlamaq olurdu ki, onlar Manaf müəllimə yaxın, simsar adamlardır. Öz-özümə dedim ki, görəsən, həmin adamlar indi haradadırlar, heç Manaf müəllim haqda düşünürlərmi?

Manaf müəllimin şeir, sənət xiridari olduğunu bilirdim. Bakıda yaşayan lahıclılar, özünün dostları, müəllim yoldaşları toy məclislərində çox vaxt onun çıxış etməsini istəyirdilər. Onun bəlağətlə danışığı çoxlarının ürəyincə olurdu. O, Tofiq Fikrətin, Hüseyn Cavıdın, Məhəmməd Hadinin, Mehmet Akifin şeirlərinin dəlisiydi. Mən də fürsət düşən kimi Əli bəy Hüseynzadənin “Halü-Vətən” şeirindən bir bənd söylədim:

 

Ucundadır dilimin

Həqiqətin böyüyü.

Nə qoydular deyəlim,

Nə kəsdilər dilimi.

 

Elə bil kişinin gözünə əlavə işıq gəldi. Şeirin ardını deməyimə imkan vermədi:

 

Bilirmisən cühalə,

Nə etdilər Vətənə?

Nə qoydular uyuya,

Nə qoydular oyana.

 

Sonra əlavə etdi ki, heyif sənə Əli bəy! Vətən haqqında, görəsən, bundan artıq, bundan mənalı şeir demək olar?

Manaf müəllimin iş otağında divarda tanınmış rəssamların müxtəlif səpkili əsərləri asılmışdı. Bu əsərləri ona rəssam dostları hədiyyə etmişdilər...

Bu söhbətimizdə yazıçı Manaf Süleymanov razılaşıb-razılaşmadığım çox mətləblərdən danışdı. Ancaq hərdən deyirdi ki, bunları qəzetə yazmaq üçün demirəm, ha, elə-belə söhbətdi eləyirik. 

Yenə qar yağırdı. Qar dənələri pəncərə şüşəsinə dəyib əriyir, ömrünü başa vururdu… Manaf müəllim danışmırdı, çölə baxırdı.

Sağollaşıb evdən çıxmaq istəyirdim.

 Dedi ki, bir dəqiqə otur. O gedib köhnə, vərəqləri qopmuş bir albom gətirdi və Lahıcda çəkilmiş şəkillərindən birinin arxasına ürək sözlərini yazıb mənə verdi. Dedi ki, qoy bu şəkil qarlı gündən sənə xatirə qalsın. Qapıdan çıxanda da tapşırdı ki, vaxtın olanda gəl, tək darıxıram.

Həyətə düşəndə özümü boşluqda hiss etdim.

Fikrim yenə Manaf müəllimin yanında idi. Ürəyimdə qəribə hisslər oyanmışdı. Onun tez-tez susması, danışanda bəzən “bunları qəzet üçün demirəm, ha” sözlərini işlətməsi mənə qəribə gəlirdi. Mənimlə söhbət edərkən, pəncərədən ağappaq dünyaya baxarkən Manaf müəllim nə düşünürdü? Gəncliyində neft mədənlərində keçirdiyi çağlarımı, 37-ci ilin qara yellərinin qurbanı olmuş sənət dostlarınımı, gizlı arxivlərdə keçirdiyi günlərimi? Bəlkə, qışın yox, illərlə keçirdiyi tənhalığın soyuqluğu üşüdürdü kişini...

Nədənsə, Manaf müəllimin o şəklinə baxanda hər dəfə elə bilirəm ki, qışdır, yenə qar yağır.

Gözəl alim və yazıçımız Manaf Süleymanovun mənə bağışladığı fotoya baxıb onu sevənlərə kiçik xatirə söyləmək istədim. O foto-şəkildə, deyəsən, mənim də ömür payımdan bir gün yaşayır.

Allah kimsəni tək qoymasın!

Ruhun şad olsun, Manaf müəllim!

Səməd Məlikzadə

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla