AZ

“Çelsi” “avrokubok zonası”na yaxınlaşdı

26-cı turdan təxirə salınan London derbisində “Çelsi” “Tottenhem”i qəbul etdi.

“Football-plus.az” xəbər verir ki, “Mahmızlar” oyuna fəal başlasa da, meydan sahibləri tədricən təşəbbüsü ələ keçirərək Vikarionun qapısı önündə təhlükəli vəziyyətlər yaratmağa başladı. Mudrikdən ötürmə alan Cekson qapıçı ilə təkbətək çıxsa da, onu məğlub edə bilmədi, ardından Van de Ven qapıya dığırlanan topu xəttin üzərindən çıxardı. Madueke də çox fəal idi. O bir epizodda “çərçivə”yə düşməsə də, ardından cərimə zərbəsi qazandı ki, “zadəganlar” məhz bunun sayəsində irəli çıxdı. Emersonun gözündən yayınan Çaloba Qallaherin asmasından sonra topu başla tora göndərdi. Hakimlər videotəkrara baxandan sonra qolun legitimliyini qəbul etdi. Mudrik fərqi artıra bilərdi, ancaq cərimə meydançasının xətti üzərindən uzaq “9-luğ”a düşmədi. Yalnız ilk yarıya artırılan dəqiqələrdə qonaqlar yaxşı hücum qura bildi. Ancaq Sarrın zərbəsindən sonra Çaloba topun qarşısını kəsdi. “Mahmızlar” fasilədən sonra da hesabı bərabərləşdirmək üçün bütün gücü ilə çalışdı. 72-ci dəqiqədə növbəti standart vəziyyət onların ümidlərini qırdı. Palmer topu tirə vursa da, dönən topa hamıdan tez çatan Cekson komandasının üstünlüyünü möhkəmlətdi. Qalan vaxt ərzində “Çelsi” 3-cü qolu da vurmağa yaxın oldu. “Tottenhem” bu məğlubiyyət üzündən 4-cü pillədəki “Aston Villa” ilə xal fərqini azaltmaq imkanını əldən verdisə, “Çelsi” “avrokubok zonası”na yaxınlaşdı.

26-cı turdan təxirə salınan oyun
Çelsi – Tottenhem 2:0
Çaloba, 24. Cekson, 72.
Çelsi: Petroviç, Gilkrist (Açimponq, 85), Çaloba, Badyaşil, Kukurelya, Kaysedo, Qallaher, Madueke, Palmer, Mudrik (Kazadei, 75), Cekson (Tauriaynen, 90+4).
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Emerson (Lo Çelso, 86), Bissuma (Heybyerq, 63), Sarr (Meddison, 63), Conson (Xil, 78), Kulusevski, Son Hın Min, Rişarlison (Bentankur, 63).
1. Arsenal – 80... 5. Tottenhem – 60... 8. Çelsi – 51...
Bombardir: Holann (MS) – 21.

Reaksiyalar
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi:
“Oyunçularımıza inanırıq. Hətta indiki şərtlər (komandanın 14 oyunçusunun zədəli olmasını nəzərdə tutur – red.) altında da gerçəkdən belə hesab edirik ki, işimizə, fəlsəfəmizə inamımızı göstərmək imkanımız var. Bu isə tam ölçüdə futbolçuların xidmətidi. Bu oyuna necə yanaşdılar, ilk yarıda necə oynadılar, necə müdafiə olundular… Cari mövsümdə ilk dəfə bu dərəcədə xoşbəxtəm. Belə görünür ki, komanda 10 aylıq işdən sonra mübarizə aparmalı olduğunu dərk edib. Bu gün bunu əla bacardıq. Bunun ən yaxşı oyunumuz olub-olmadığını bilmirəm. Ancaq əsas olan hissiyyatdı. Bəzi neqativ məqamlara baxmayaraq, işimizi yaxşı gördüyümüzü göstərdik. Hər həftə ciddi diqqət altında olduğunu, mühakimə olunduğunu görmək ağırdı. Ancaq burda olub-olmamaqla bağlı qərarı mən vermirəm. “Çelsi”nin tarixinə düşmək istəyiriksə, hələ çox iş görməliyik. Baxarıq, görək bu yolda addımlamaq üçün vaxtımız olacaqmı… Bu uşaqlarla, 25-27 adamlıq bütün heyətlə qürur duyuram. Son günə qədər onlara kömək etməyə çalışacam”.

Ange Postekoğlu, “Tottenhem”in baş məşqçis
i: “Yetərincə yaxşı oynamadıq və buna görə məsuliyyəti öz boynuma götürməliyəm. Baş məşqçi mənəm, oyunçuları meydana mən buraxıram, məsuliyyət mənim üzərimdədi. Bir halda ki belə oynamışıq, deməli, mesajım komandaya çatmayıb. Hiss edirəm ki, oyunumuza, oyun üslubumuza inamı azca itirmişik. Mən bu vəziyyəti dəyişməliyəm. Söhbət heç də təkcə buraxdığımız ilk qoldan getmir. Məsələ oyuna yanaşmamız, lazımi səviyyədən uzaq olmağımız ilə bağlıdı. Bu isə mənim günahımdı. Artıq bir müddətdi ki, azca özümümüzü itirmişik, böyüməyimiz yolundakı bu maneəni aradan qaldırmalıyıq. Meydanda ləyaqətli oyun göstərməliyik. Bu gün qətiyyən yaxşı deyildik. Artıq ilk “4-lük”də yer haqda danışmamaq olarmı? Belə suallara necə cavab verəcəyimi bilmirəm. Bu gün o qədər pis oynadıq ki, hansısa hədəf haqda danışmağın mənası varmı? Növbəti dəfə daha yaxşı oynaya biləcəyimizə inanmalıyıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla