AZ

Uşaq İnkişaf Mərkəzinin rəhbəri: “Əngəlli olmaq ayıb deyil”

5 may - Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür. 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il bu gün bütün dünyada qeyd olunur. Bu günün tarixi həmin ildə əlillərin bərabər hüquqlar və ayrı-seçkiliyə qarşı mübarizə aksiyası keçirdikləri vaxtdan başlayır. O vaxtdan bəri dünya ictimaiyyətinin diqqətini əlillərin hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etmək üçün hər il bu tarixdə geniş tədbirlər keçirilir. Məqsəd əlillərin harada olmasından asılı olmayaraq onların məşğulluq, təhsil və əlverişli infrastruktur hüquqlarına hörmət edilməsinin vacibliyini insanlara xatırlatmaqdır.

 

Hazırda dünya əhalisinin sayı səkkiz milyarddan çoxdur və onların bir milyarddan çoxu, yəni təxminən 15 faizi hər hansı formada əlillikdən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, həmin bir milyardın 100 milyondan çoxu uşaqlardır. Xroniki xəstəliklərin yayılması ilə əlaqədar əlillərin sayı dünyada ildən-ilə artır.

 

Azərbaycanda 500 minə yaxın əlilliyi olan şəxs var. Onlardan 18 yaşadək olanların sayı 46 mindən çoxdur. Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial xidmətlərlə təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl işlər aparılır, qanunvericilik aktları qəbul edilib, beynəxalq konvensiyalara qoşulmuşuq. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əlilliyi olan şəxslərə, o cümlədən uşaqlara hərtərəfli qayğısı var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumun tabeliyində Sosial Xidmətlər Agentliyi bu şəxslərə həssas yanaşır. Əilliyi olan şəxslərin psixo-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir. Son illər ölkədə əlilliyi olan uşaqlar üçün inklüziv təhsil proqramının əhatə dairəsi genişləndirilir. Rəsmi rəqəmlərə görə ölkəmizdə 40 ümumi təhsil müəssisəsində inklüziv siniflər təşkil olunub. 2023-2024-cü tədris ilində 245 nəfər sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsilə cəlb olunub. Amma rəqəmlər göstərir ki, bu rəqəm ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların 1 faizindən də azdır. Bunun səbəblərindən biri həmin siniflərin sayının az olmasıdırsa, digər səbəbi belə uşaqların valideynlərinin övladlarını cəmiyyət arasına çıxarmaqdan utanması, daha çox evdə təhsil almalarına üstünlük verməsidir. Amma inklüziv təhsil modelinin üstünlüyü məhz uşaqların ümumtəhsil müəssisələrində adi qaydada dərs almasıdır.

 

Digər tərəfdən valideynlərin bu qərarı cəmiyyətdə əlilliyi olan şəxslərə münasibətdən qaynaqlanır. Bu gün təəssüf ki, cəmiyyətimizdə hələ də sağlamlıq imkanları məhdud şəxsləri görəndə “Allah iraq eləsin” deyib qulağını çəkənlər var. Əslində, əngəlli olmaq ayıb deyil, qüsur cəmiyyətin həmin insanlara fərqli münasibətindədir. Əlilliyi olan şəxslərə, uşaqlara qarşı ayrı-seçkilik edilməsi yolverilməzdir. Bütün uşaqlar kimi, əlilliyi olan uşaqların da müdafiə, sağlamlıq, təhsil, oyun hüququ var. Onları bu hüquqdan məhrum etmək olmaz. Sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət göstərilməli, həssas yanaşılmalıdır. Bu uşaqlara azacıq diqqət yetirmək kifayətdir ki, onların müxtəlif sahələrdə olan istedadlarını üzə çıxaraq. Onlar gələcək sənətçilər, idmançılar, müəllimlər, sahibkarlardır. Bu uşaqlar böyük nailiyyətlər əldə etməyə və həyatın hər bir sahəsinə mənalı töhfələr verməyə qadirdirlər.

 

Düzdür, cəmiyyətin əlilliyi olan insanlara münasibəti illər ərzində bir çox cəhətdən yaxşılaşıb, lakin hələ də davam edən problemlər var. Belə ki, son illər ölkədə əlilliyi olan şəxslərin şəhərdə sərbəst şəkildə hərəkət etməsi üçün müvafiq infrastruktur yaradılır, panduslar quraşdırılır. Bununla belə, təcrübə göstərir ki, bu infrastruktur heç də bütün zəruri olan yerlərdə yoxdur. Bu səbəbdən əlilliyi olan şəxslər müxtəlif qurumlara, məktəblərə və xəstəxanalara gedə bilmirlər. İctimai nəqliyyatdan geniş istifadə edə bilmirlər, hər addımda taksi çağırmalı olurlar ki, bu da onlar üçün əlavə xərc deməkdir. Həmçinin bir çox yeraltı keçidlərdə, binalarda panduslar quraşdırılmayıb. Bundan başqa, əlilliyi olan şəxslərin tibbi reabilitasiyasının, xüsusən regionlarda bu xidmətlərin təşkilinin genişləndirilməsinə ehtiyac var. Məşğulluq sahəsinə gəlincə, son vaxtlar bəzi dövlət və özəl qurumlarında çalışan əlilliyi olan gənclərlə rastlaşırıq. Amma qanunvericilikdə kvota nəzərdə tutulmasına baxmayaraq, hələ də bəzi qurumlar sağlamlıq imkanları olan şəxsləri işə qəbul etmir, müxtəlif bəhanələrlə bundan yayınırlar. Bu məsələlərlə bağlı aidiyyəti qurumlar tərəfindən monitorinqlərin aparılması faydalı olardı.

 

Aynur Musayeva

Uşaq İnkişaf Mərkəzinin rəhbəri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla