AZ

Premyer Liqanı bəzər, özü ... - TƏHLİL

Klublar Komitəsinin son iclasında Premyer Liqada komanda sayının artırılması və bunun hesabına “Qəbələ”nin elitada qalması müzakirə olunmayıb.

İdman.biz xəbər verir ki, hazırda güclülər dəstəsində çıxış edən klubların hamısında “Qəbələ”də yetişən və ya özünü burada tapanlar var.

Premyer Liqa təmsilçiləri üçün baza rolunu oynayan və müxtəlif millilərdə də yetirmələri olan klub indiki reqlamentlə I Liqaya düşməlidir. Mümkün say artımını gözləyən “qırmızı-qaralar”ın digər komandaları necə bəzəməsini nəzərdən keçirək.

Çempion və millinin müdafiəsinin dirəyi
Azərbaycan çempionu “Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə “Qəbələ” akademiyasının yetirməsidir. O, təkcə Ağdam klubu deyil, millimizin də müdafiəsinin dirəyi sayılır. İstedadlı futbolçunun xarici komandaların da maraq dairəsində olduğu da məlumdur. Hazırkı “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərov da “Qarabağ”ın transfer planlarında yer alan oyunçulardan biridir.

Dünənki “Qəbələ”lilərin bu günü və “Sabah”ı
“Sabah”da sabiq “Qəbələ”lilər daha çoxdur. Komandanın kapitanı Elvin Camalov kimi Amin Seydiyevlə Tellur Mütəllimov da bölgə təmsilçisinin yetirmələridir. Azərbaycanda xeyli klub dəyişən gürcüstanlı legioner Davit Volkovu da “Qəbələ”nin tapıntısı, ölkəmizə gətirməsini qeyd edək. “Sabah”ın qapıçısı Nicat Mehbalıyev icarəyə verdiyi “qırmızı-qaralar”la əsas heyət oyunçusuna çevrilmişdi.

Həm yerli, həm legioner
Avrokuboklara iddialı “Zirə”də “Qəbələ”də böyüyən futbolçular hesabına gücünə güc qatıb. “Sabah” kimi qəsəbə klubunun da kapitanı bölgə klubunun akademiyasında yetişib. Qismət Alıyev kimi Hacıağa Hacılı da həmin məktəbdə futbolçu olub. “Qırmızı-qaralar”ın iki legioner tapıntısından da “Zirə” faydalanır. Bunlar Ruan Renato və Rafael Utziqdir.

Qərbə axın
Qərb klubları “Turan Tovuz”la “Kəpəz” də “Qəbələ”nin “hər kənddə, hər şəhərdəki meyvələri”ndən yararlanır. Faiq Hacıyev, Fərid Nəbiyev, Veysəl Rzayev və Sadiq Quliyev avrokubok şansını hələ tam itirməyən Tovuz təmsilçisinin uğurları üçün çalışırlar. Rüfət Əhmədov, Ehtiram və Amil Yunanov Premyer Liqada qalmaq üçün mübarizə aparan gəncəlilərin bu vəzifənin öhdəsindən gəlməkdə pay sahibi olublar.

“Hamını bəzər, özü ...”
Premyer Liqanın digər klublarında da “Qəbələ” damğası olanlara rast gəlinir. “Neftçi” məhz bölgə klubunun tapdığı və ölkəmizə gətirdiyi, sonradan milliləşən və “Qarabağ”da da özünü göstərən Filip Ozobiçə güvənir. “Ağ-qaralar” əvvəllər də “Qəbələ”də parlayan legionerlərə - Baqali Dabo və Stiven Monroza ümid edib. Paytaxt klubunun məşqçilər korpusunda yer alan Sənan Qurbanov da çalışdırıcı kimi “qırmızı-qaralar”ın düşərgəsində yetişib. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Elmar Baxşıyev barədə də eyni sözləri demək olar. Həm məşqçi, həm baş məşqçi kimi “Qəbələ”də işləmiş çalışdırıcı mütəxəssis kimi bu klubda özünü göstərib.
“Sumqayıt”la “Səbail”də “qırmızı-qaralar”ın bir yetirməsi çıxış edir. Bunlar əsas heyətin daimi üzvü olan Rövlan Muradovla Yusif Nəbiyevdir.

Qeyd edək ki, çempionatın indiki reqlamentinə əsasən 10-cu yeri tutan “Qəbələ” I Liqaya düşməlidir. Lakin komanda sayının artırılması müzakirə olunur.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla