AZ

Tanınmış şair-publisist Dilsuz Musayev dünyasını dəyişdi

Tanınmış şair-publisist Dilsuz Musayev vəfat edib.

 

Senzor.az xatırladır ki, Dilsuz Musa oğlu Musayev 1948-ci il fevral ayının 10-da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 

 

1966-cı ildə Saraclı kənd orta məktəbini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitutunu (İndiki BSU) bitirib. Təyinatla Tərtər (Mirbəşir) rayonuna göndərilib və 1973-1979-cu illərdə həmin rayonun Hacıqərvənd (Kolanlı) kəndində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1980-1984-cü illərdə Bakı şəhərində 5 saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə çalışıb. 

 

1985-ci ildə Respublika “Bilik” cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri təyin olunub. 1986-89-cu illərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif vəzifələrdə işləyib. 

 

1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində təlimatçı, ümumi şöbə müdiri, Komitə sədrinin birinci müavini vəzifələrində çalışıb. 1994-cü il dekabr ayının 23-də keçirilmiş İkinci Ümumrespublika Konfransında Komitənin sədri seçilib. 

 

Bir çox ölkələrdə, o cümlədən, Finlandiya, Norveç, Polşa, Avstriya, İspaniya, Hollandiya və Almaniyada ümumdünya dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib. 

 

1964-cü ildən respublika mətbuatında müxtəlif səpkili məqalələri, resenziyaları, şeir və tərcümələri ilə çıxış edib. “Zəfər bayrağım” adlı ilk şeiri “Sovet Gürcüstanı” qəzetində dərc olunub. Daha sonra şeirləri “Azərbaycan”, “Çinar pöhrələri”, “Addımlar”, “Çeşmə” və digər poeziya almanaxlarında, “Azərbaycan”, “Azərbaycan qadını”, “Mütərcim”, “Mədəni Maarif” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Sovet kəndi”, “Xalq qəzeti”, “Azərbaycan müəllimi”, “XXI əsr”, “Təhsil” və başqa mətbu orqanlarda dərc olunub. 

 

Azərbaycan və Gürcüstan radio və televiziyalarında dəfələrlə şeirləri səsləndirilib və çıxışlar edib. 

 

“Cəsarətli qələm” fəxri mükafatına layiq görülüb, bir çox diplomlarla təltif olunub.

 

Dünya ədəbiyyatından etdiyi tərcümələr Dilsuz Musayevin yaradıcılığının ayrılmaz tərkib hissəsidir. Onun Mayya Rumyatsevadan, İrakli Abaşidzedən, Revaz Margianidən, Muxran Maçavarianidən, Mikola Bajandan, Mixail Stelmaxdan, Lanka Kupaladan, Robert Rojdestvenskidən, Aleksandr Bobrovdan, Aleksandr Qriçdən, Atamurad Atabayevdən, Marina Safanovadan, V. Malisevdən, M. Prisvcndən, Boris Seysardan və başqalarından etdiyi tərcümələr oxucular tərəfindən maraqla qarşılanıb.

 

Dilsuz Musayev “Düşmən ocaq başında”, “Bakını necə tutdular”, “Qəlbimdə göyərən vətən” kitablarının müəllifidir. Həmin kitablarda toplanan yazıları, xüsusən də şeirləri oxuyanlar dərhal hiss edirlər ki, doğma torpağa bağlılıq, Vətənə məhəbbət, insanlara sevgi, dostluğa sədaqət, yaxınlara qayğı və yüksək vətəndaşlıq hissləri Dilsuz Musayevin zəngin poetik yaradıcılığının ruhunu ifadə edən əsas məziyyətlərdir.

 

Yeri gəlmişkən, Dilsuzun şeirlərində Qarabağ mövzusu, Qələbəyə inam da xüsusi yer tuturdu. 

 

Dilsuz Musayev Azərbaycan və Türkçülük istiqamətində Beynəlxalq konqreslərdə və simpoziumlarda maraqlı çıxışlar edib, mövzu ilə bağlı dövri mətbuatda elmi məqalələr dərc etdirib.

 

Dilsuz Musayev Azərbaycan Yazıçılar və Jurnanilstlər birliklərinin üzvü və “Azərbaycan ekologiyası” qəzetinin baş redaktoru idi. Son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

 

İki övladı və altı nəvəsi yadigar qalıb.

 

Allah rəhmət eləsin!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla