AZ

Milli Məclisin deputatı Jalə Əhmədova: “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz möhtəşəmliyi ilə yadda qaldı”

Bir neçə gün əvvəl Bakıda keçirilən və 110 ölkənin nümayəndəsinin iştirak etdiyi “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr edilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz möhtəşəmliyi ilə yadda qaldı. “Bakı Prosesi” əsasında Azərbaycanın təşəbbüsü ilə yaradılmış və mədəniyyətlərarası dialoqu təşviq edən bu forum bu gün çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Qürurvericidir ki, Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir.

Mayın 1-də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev sülh və qlobal təhlükəsizliklə bağlı bir sıra mühüm məqamlara toxundu. Ölkə başçımız bildirdi ki, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Burada insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdırlar, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdırlar.
Cənab Prezident bildirdi ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.
Müstəqilliyin ilk illərində yaşadığımız böyük çətinliklərdən danışan dövlət başçımız qeyd etdi ki, Azərbaycanı parçalamaq cəhdləri və aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi və biz bu çətinliklərdən çıxa bildik. Bu gün mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdən sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər.
Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər sədrliyi dövründə fəal şəkildə təşviq edib. Obyektiv siyasi reallıq ondan ibarətdir ki, bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir.
Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilməsi barədə danışan dövlət başçımız qeyd etdi ki, Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Bizə həmrəylik və qarşılıqlı etimad lazımdır.
Ötən ilin sentyabr ayında Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etdiyini xatırladan dövlət başçımız diqqətə çatdırdı ki, məhz Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürüb. İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil.
Prezident İlham Əliyev çıxışının sonunda bir daha bəyan etdi ki, bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

Jalə Əhmədova

Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
7
Mənbələr
Şərh ()
Bağla