AZ

Gürcüstan da israrlıdır, Qərb də... -ŞƏRH

Qərbin öz çirkin niyyətini, daha doğrusu, dağıdıcı siyasətini həyata keçirmək məqsədilə bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda dağıdıcı siyasət yürütdüyü kimsəyə sirr deyil. Bu niyyətlə  Qərb sifarişlərini icra etdirmək üçün hədəfə götürdükləri ölkələrin mediasını, QHT-ni müxtəlif yollarla, əsasən qrantlarla ələ alır və bununla da onları özünün köləsinə çevirir. Bu kimi halların qarşısını almaq məqsədilə Gürcüstan "Xarici təsir haqqında" qanun qəbul etmək istəyir.  Artıq qanun layihəsi ikinci oxunuşda qəbul olunub və 2 həftədən sonra bununla bağlı yekun səsvermənin keçirilməsi nəzərdə tutulur. 

Amma buna Qərbin, o cümlədən belə bir qanunu hamıdan əvvəl qəbul etmiş ABŞ-ın maraqları daxilində olmadığına görə gürcü müxalifətinin, daha doğrusu, “Vahid Milli Hərəkat” partiyasının əli ilə buna kəskin kəskin reaksiya göstərilir. Çünki Qərb yaxşı dərk edir ki, əgər belə bir addım atılsa bu ölkədə öz istəklərini yerinə yetirmək müşkül olacaq. Amma yalan bəyanatlar verərək bildirirlər ki, guya  “xarici agentlər" ideyasını təqdim edən hər hansı bir qanun Gürcüstanda fəaliyyət göstərən mediaya təsir göstərəcək və Gürcüstanı daha güclü və daha demokratik cəmiyyətə çevirmək ideyasını sarsıdacaq. Nə qədər qəribə olsa da Gürcüstan Prezidenti Salome Zurabişvili də onlarla həmfikirdir. O bunu  Avropa Birliyinin qapılarını açıq görməyə şad olan insanlara qarşı zorakılıq və təxribat adlandırıb və hesab edib ki, Avropa İttifaqı uzunmüddətli təhlükəsizliyi ən yaxşı şəkildə təmin edə bilər. Hətta Zurabişvili  deyib ki, üçüncü oxunuşda qəbul ediləcə¬yi təqdirdə layihəyə veto qoyacaq.

Amma Gürcüstanın sabahını daha dərindən düşünənlər də yaxşı dərk edir ki, bütün bunlar ölkədə çevriliş  məqsədinə,  onu ikinci Ukraynaya çevirməyə hesablanıb. Hətta “Qərb və ABŞ-nin beyin mərkəzləri Gürcüstanda çevriliş niyyətindədir” deyən siyasi şərhçi Vaso Kapanadze mətbuata açıqlamasında bildirib ki, hazırda Gürcüstan höküməti çətin dövrdən keçir: “Çünki, hazırkı vəziyyətdə istər Qərb, istərsə də ABŞ-nin təzyiqlərinə tab gətirib, qanun layihəsini qəbul etmək olduqca çətin məsələdir”. Buna rəğmən o vurğulayıb ki, tarixdə iki dəfə bu səhvi buraxmışıq: “Sonuncu dəfə 2003-cü ildə "Qızılgül inqilabı"nda Qərb və ABŞ Mixeil Saakaşviliyə vədlər verərək hakimiyyətə gətirdi. Sonra vədləri yerinə yetirmədi və ondan, eləcə də gürcü xalqından istifadə etdi. Torpaqlarımızı itirdik, insanlarımız müharibədə həlak oldular. Bu dəfə buna imkan verməyəcəyik, milli maraqlarımızı qoruyacağıq. Bu qanun qəbul ediləcək və hər şey qanun çərçivəsində olacaq". Odur ki, rəsmi Tbilisi də etirazlara, bununla bağlı yaranmış gərginliyə baxmayaraq "Xarici təsir haqqında” qanun qəbul etməkdə  israrlıdır.

Yeri gəlmişkən qeyd edək ki,  hazırda Gürcüstanda 25 min fəal QHT var ki, onların da 90 faizi xarici mənbələrdən maliyyələşir. Amma həmin vəsaitlərin haradan gəldiyi, hansı məqsədlər üçün xərclənməsi ilə bağlı bu ölkədə  nəzarət mexanizmləri yoxdur. Söhbət yalnız qrant alanların xarici maliyyələşdirmə mənbələri barədə hesabat vermələrindən gedir. Yəni, “Xarici təsir haqqında” qanun layihəsinə əsasən, maliyyəsinin 20%-dən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər. Bəli, Gürcüstan hakimiyyəti, xüsusən “Gürcü Arzusu” partiyası, partiyanın parlamentdəki fraksiyası və hökumət üzvləri bu kimi məsələləri qəbul etmək istədikləri  "Xarici təsir haqqında" qanunla nizamlamaq,  maliyyə mənbələrinin şəffaflığını təmin etmək istəyirlər.  Yeri gəlmişkən qeyd edək ki, bu məsələ ilə bağlı  Tiflisin meydanlarına toplaşan aksiyaçıların çoxu ölkədə fəaliyyət göstrən 1000-dən çox qeyri-hökumət təşkilatlarının üzvləridir.

Bu məqamda bir məsələni də vurğulamaq yerinə düşərdi. Azərbaycanda belə bir fəalyyət məhdudlaşdırılıb. Rəsmi Bakı buna QHT-in maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul etməklə və xaricdən maliyyələşmə prosesini nəzarətə götürməklə nail olub. Elə  bu qanunlar çərçivəsində Qərbin müxtəlif təşkilatlarından alınan qrantların qarşılığında onların sifarişlərini yerinə yetirməyə cəhd edən "Abzas Media"nın, "Toplum TV"nin, eləcə də  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin  rəhbəri Anar Məmmədlinin fəaliyyətlərinin  fiaskoya uğramaları buna sübutdur. Qeyd edək ki, həmin vəsaitlər  Gürcüstandakı banklarda açılmış hesablar vasitəsilə əldə edilmiş və qanunsuz yollarla nağdlaşdırılaraq Azərbaycana gətirilmişdi.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla