AZ

Rəşad Sadıqov: “Heç-heçə də ədalətli nəticə ola bilərdi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi. İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq”.

Rəşad Sadıqov etdiyi əvəzetmələrin özünü doğrultmasına da münasibət bildirib:

“Mənim yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdilər. Tovuzda oynamaq çətindir. Xüsusilə də, texnikalı futbol oynamaq çətindir.

Rüstəm Əhmədzadənin yoxluğu bizim üçün böyük itkidir. İki gün əvvəl məşqdə zədəsini daha da ağırlaşdırdı. Dəqiq durumunu hələ bilmirik”.

“Bacarmasam, çıxıb gedəcəyəm” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Üzücü məğlubiyyətdir. 90 dəqiqə üstün oynadıq. Fərdi səhvlərdən sonra rəqib qollar vurdu. Çoxlu qol epizodlarımız oldu. Son üç matçda rəqiblər bizdən oyun baxımından üstün olmayıblar. Fərdi keyfiyyət öz sözünü deyib. Son matçlarda qırmızı vərəqələr də bizi pis vəziyyətdə qoydu. Bu, olmamalıdır. Qarşımızdakı məqsəd liqada möhkəmlənməkdir. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. “Sumqayıt”la oyundan sonra şanslarımız azaldı. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer alardıq. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bilirik ki, bölgədə çalışmaq çətindir, təzyiq çoxdur. Bunun öhdəsindən gəlməliyik”.

Ayxan Abbasov narazılıqlar və mümkün istefası barədə suala da cavab verib:

“Bir şeyi qəbul etmək lazımdır ki, Tovuzda kütlə böyükdür. Biz onlarla mütəmadi danışırıq. Azarkeş fikirləri fərqlidir, hər kəsi razı sala bilmərik. Bəzən elə şeylər istəyirlər ki, reallıqdan kənara çıxırlar. Bəziləri hansı əziyyəti çəkdiyimizi bilmirlər. “Turan Tovuz” mənə yad deyil, burada futbol oynamışam. Mənim yerimdə başqası olsa, yenə eyni problem yaranacaq. Bilmirəm, məndən niyə xoşları gəlmir. Keçən il deyirdilər ki, komanda az qol vurur. Bu il qol vururuq, yenə narazıdırlar. Rəhbərliyə söz vermişəm. Bacarmasam, çıxıb gedəcəyəm. Buradan yapışıb qalmamışam. Digər komandalar qədər pul xərcləməmişik. Komanda baxımlı futbol oynayır. Ən çox qol vuran komandayıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla