AZ

Almatı görüşünün Vaşinqtonda yaratdığı NARAZILIQ: Qərb istəmirdi ki…

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində may ayının 10-da görüşəcəklər. ABŞ Dövlət Departamenti nazirlərin bu görüşünü şərh etməkdən yayınıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib: “Mənim bu məsələ ilə bağlı hər hansı şərhim və ya gözləntilərim yoxdur”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin timsalında rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN başçılarının Qazaxıstanda görüşməsinə belə laqeyd yanaşması təəccüb doğurur. Maraqlıdır, belə münasibətə səbəb nədir? Qərb Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların baş tutmasını, münasibətlərdə irəliləyişin olmasını dəstəkləmirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, XİN başçılarının Almatıda görüşməsi və danışıqlar aparması Azərbaycanla Ermənistan arasında gələcək razılaşmaların əldə olunması baxımından yeni formatdır.

Ekspertin qənaətincə, bu, birbaşa Qazaxıstanın təşəbbüsüdür: “Almatı razılaşması qurulan yeni formatdır. Qazaxıstanın fəallaşmasını da bununla izah etmək olar. Əslində isə bununla tərəflər prosesin Müstəqil Dövlətlər Birliyi çərçivəsindən kənara çıxmasının qarşısını alıblar. Burada söhbət Azərbaycan və onun müttəfiqlərindən söhbət gedir. Ona görə də bu proseslərdə Qərbin indiki durumda oyundankənar qalması böyük ölçüdə ABŞ-də narazılıqlar yaradır. Azərbaycan və Ermənistanın özünün razılaşması heç də amerikalıların ürəyincə olmayıb. Onları bununla bağlı arqumentlərində Fransa kimi dövlət də dəstəkləyir. Amma onların nə istəyib-istəməməsindən asılı olmayaraq, ortada real nəticə var. Həm Azərbaycan, həm də Ermənistan öz aralarında qərara gəliblər ki, delimitasiya və demarkasiya davam etdirilsin. Təbii ki, bunu Qərb istəmirdi”.

Ekspert bildirib ki, Azərbaycanla Ermənistan arasında Qərbin nəzarətindən kənarda hər hansı razılaşmanın, sülh müqaviləsinin imzalanması Vaşinqton tərəfindən arzuedilən deyil: “Hər iki ölkə arasında sülh müqaviləsi imzalanacaqsa, bu, Qərb formatında olmayacaq. Yalnız iki ölkənin arzuladığı siyasi xəritənin və məkanın içərisində olacaq. Əgər prosesi davam etdirə bilsək iki dövlət arasındakı razılaşmaların istiqamətləri dəyişmək üzrədir. Biz indiki halda bunun adını delimitasiya və demarkasiya adlandırırıq, amma tərəflərin tapdığı və Fransanın “arqumentlərindən” kənar qalan bir “qızıl orta” var. Şübhəsiz ki, danışıqlar məkanı kimi Almatının seçilməsi Rusiyanın ürəyincədir. Ona görə də xarici işlər nazirlərinin Almatı görüşünə Vaşinqtonda qısqanc yanaşma var. Burada Rusiyanın təşəbbüsü ələ almasını, Vladimir Putinin andiçməsindən iki gün sonra Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya gözlənilən səfəri ilə XİN başçılarının Almatı görüşünün üst-üstə düşməsini də qiymətləndirmək, nəzərə almaq lazımdır”.

Alpər TURAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
31
Mənbələr
Şərh ()
Bağla