AZ

Letiç Baxşıyevlə razı deyil: “Oyun böyükhesablı qələbəmizlə bitməliydi”

“Sabah” klubunun serbiyalı müdafiəçisi Boyan Letiçin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 33-cü turunda “Araz-Naxçıvan” üzərində çətin qələbə (1:0) qazandınız. Matçla bağlı fikirləriniz necədir?

– Olduqca maraqlı oyun alındı. Qarşılaşmanın birinci dəqiqəsində əla qolla hesabı açdıq. Lakin bundan sonra dayandıq və rəqib üstünlüyü ələ aldı. Fasilədən sonra isə üstünlük tam olaraq bizim tərəfimizdə idi. Çoxlu şanslarımız oldu, penaltini dəyərləndirə bilmədik. Fikrimcə, oyun bizim böyükhesablı qələbəmizlə bitməliydi.

– Görüşdən sonra rəqibin baş məşqçisi Elmar Baxşıyev “Sabah”ın bu matçda bəxtinin gətirdiyini bildirdi. Onun fikrinə münasibətiniz maraqlıdır…

– Bu, onun şəxsi fikridir, hörmətlə yanaşıram. Lakin “Araz-Naxçıvan”ın baş məşqçisi ilə razı deyiləm.

– “Araz-Naxçıvan” üzərindəki qalibiyyət ardıcıl 4-cü qələbəniz oldu. Sizcə, nəyin hesabına uğurlu seriya əldə etdiniz?

– Sadəcə, bu mövsümdə bizi izləyən bəxtsizliklərin artıq geridə qaldığını düşünürəm. Bu mövsüm yaxşı oynadığımız, qələbəyə layiq olduğumuz çox oyunda xal itirdik.

– Növbəti turda çempionatı sonuncu pillədə bitirəcəyi dəqiqləşən “Qəbələ”nin qonağı olacaqsınız. Qələbə seriyasını bu görüşdə də davam etdirə biləcəksiniz?

– Biz hər oyunumuza qalib gəlmək üçün çıxırıq. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Müsbət nəticə ilə ayrılmaq üçün meydana mümkün qədər motivasiyalı çıxmaq, hər bir oyunumuza maksimum köklənmək çox vacibdir. Necə deyərlər, yaralı aslan ən təhlükəli olandır. “Qəbələ” son oyunda səfərdə “Səbail”i məğlub etməklə gücünü göstərdi.

– İkinci yer, həmçinin avrokuboklara vəsiqə uğrunda 4 komanda arasında gərgin mübarizə gedir. Bu mübarizənin yekununda sevinən tərəf olmaq şansınız nə qədərdir?

– Bunu mövsümün sonunda görəcəyik. Lakin çempionatı ikinci pillədə bitirəcəyimizə inanıram. Bunu bacarsaq, ötənilki uğurumuzu təkrarlamış olacağıq.

– Krunoslav Renduliçli və hazırkı heyətli “Sabah” növbəti mövsümdə çempionluq mübarizəsi aparmağa qadirdir?

– Realist olmalıyıq. Bu gün “Qarabağ”la çempionluq mübarizəsi çox çətin görünür. Amma futbolda hər şey mümkündür.

ABBAS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla