AZ

Neftdən gələn gəlir KƏSKİN AZALIB - Nəticələri nə olacaq? / AÇIQLAMA

Neft Fondunun Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri kəskin azalıb.

 

4 ayda AÇG yatağından $1 milyard 798,6 milyon, Şahdəniz yatağından (qaz və kondensat) $202 milyon 715 min gəlir götürülüb.


Xatırladaq ki, ARDNF 2023-cü ilin ilk 4 ayında AÇG yatağından $2 milyard 468 milyon, Şahdəniz yatağından $935 milyon 754 min gəlir əldə etmişdi.


Bu dərəcədə kəskin azalmanın səbəbi nədir? Gəlirin azalması yataqlarda neftin də azalmasından xəbər verə bilərmi? Neftdən gələn gəliri yenidən artırmaq mümkün olacaq? Neftdən gəlirin bu dərəcədə azalması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

 

Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

 



“Dövlət Neft Fondu bütövlükdə aktivlərin yerləşdirilməsini diversifikasiya edib, şaxələndirib. Fond üçün hazırda daha çox aktivlərin idarə edilməsindən daha çox, gəlirin əldə edilməsidir. Azəri-Çıraq-Günəşli və Şahdənizlə gəlirlərdəki fərq, təbii ki, hasilatla bağlıdır. Çünki biz bu ilin birinci rübündə neft hasilatının 6 faiz azalmasını müşahidə etmişik. Neftin dünya bazar qiyməti əvvəlki ilin birinci rübü ilə müqayisədə cüzi azalıb. Amma hasilatın azalması bütövlükdə bu istiqamətdən daxil olan gəlirlərə birbaşa təsir göstərir. Dövlət Neft Fondunun ümumi gəlirlərinə diqqət yetirməliyik. Eyni zamanda bu rüblük deyil, illik və bəzi hallarda daha uzunmüddətli dövrdə gəlirlərdəki dəyişikliyin təhlil edilməsi çox vacibdir”.


Vüqar Bayramov bildirib ki, Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəliklərini yerinə yetirməsində hər hansı bir problem yoxdur. Fond büdcə qarşısındakı öhdəliklərini, transferlərini tam olaraq proqnozlaşdırılan həcmdə yerinə yetirir. Bu baxımdan fərqli istiqamətlərdə dəyişiklik, bu mənbədən gəlirin azalması büdcə gəlirlərimizə təsir göstərməyəcək. Əksinə, büdcə gəlirlərində profisitin yaranması müşahidə edilib.


Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, gəlirlərin azalmasına birinci növbədə hasilatın özünün azalması təsir edir.




“İstər Dövlət Statistika Komitəsinin, istərsə də Azərbaycan Energetika nazirliyinin açıqladığı rəqəmlərə baxsaq, görürük ki, hasilatın azalması 2024-cü ildə də davam edir. Bir müsbət hal ondan ibarətdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hasilatın tempinin azalmasının bir qədər qarşısını ala bilmişik. İkinci tərəfdən isə aprel ayının 16-dan Azəri-Çıraq-Günəşlidə yeni plarforma Azəri-Mərkəzi-Şərqi platforması hasilata başladı. İl sonuna qədər cari il üçün cəmi 24 min barel neftin çıxarılması gözlənilir. Bu azalma tempinin daha yavaşlamasına gətirib çıxaracaq”.


Ekspert bildirib ki, ötən illə müqayisədə neftin qiymətində də ucuzlaşma müşahidə olunur və bu da öz növbəsində neftdən gələn gəlirin azalmasına səbəb olur.


“Aprel ayında neftin qiyməti 85-90 dəhlizini qısa müddətlik də olsa, keçə bildi. Ancaq, ümumən, qiymətlər ötən ildən aşağıdır. Şahdənizə isə gəldikdə burada məsələ fərqlidir. Çünki biz Şahdənizdə qaz ixracının artımını görürük. Lakin yenə də dövlətə çatan mənfəət kifayət qədər azalıb. Burada birinci faktor Türkiyə və Avropada satış qiymətlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyə qədər azalmasıdır. Bu çox böyük təsir göstərən amildir”.


Ötən ilin birinci rübündə Avropa bazarında qazın orta satış qiyməti 560 dollar olub. 2023-cü ilin son rübündə isə bu qiymət 308 dollara enib. Təminən iki dəfəyədək azalma müşahidə olunub. Azərbaycan 2013-2020-ci illər ərzində Şahdəniz-2 layihəsinə kapital yatırımı edib. Şahdəniz layihəsi və Gürcüstan-Türkiyə sərhədinədək borunun genişləndirilməsi 28 milyard dollar vəsait idi.


İlham Şaban qeyd edib ki, biz bu vəsaiti hələ də geri qaytara bilməmişik. Buna baxmayaraq, 2021 cə 2022-ci illərdə qazın yüksək qiymətlə satılması baxımından bizə çox müsbət təsir etdi. 2018-ci ildn artıq Şahdəniz-2 layihəsi üzrə ixrac başlayıb, ən azı 10 ilə yaxın müddətdə biz qoyulan vəsaiti geri qaytara bilərik.


“Neft gəlirlərinin bundan sonra artımı o zaman baş verə bilər ki, qiymətlər bazarda xeyli artsın. Amma ona ümid etmək də artıq yetərli deyil, onsuz da indiki qiymətlər kifayət qədər yüksəkdir və Azərbaycan dövlət büdcəsində proqnozlaşdırılan qiymətləri 35% üstələyir.. hasilatın bundan sonrakı dövrlərdə də azalma proqnozları neft gəlirlrin artımına ümid bəsləməyə yer qoymur”.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
Mənbələr
Şərh ()
Bağla