AZ

Paşinyanı devirmək istəyən keşişlər xarici agentlər imiş…

Image

Ermənistanın Azərbaycanla sərhəd Kirants kəndinin sakinləri Yerevana yürüşə başlayıblar. Etirazçılar hökuməti Azərbaycanla sərhədlərin müəyyənləşməsində birtərəfli güzəştə getməkdə ittiham edirlər. Yürüşə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan başçılıq edir. Elə bunlar fonunda Baqrat Qalstanyanla bağlı maraqlı faktlar üzə çıxır. 

Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan qeyd edir ki, Baqrat Qalstanyan Rusiyanın ən yaxşı agentlərindən biridir. O, son hadisələr fonunda hökumətin sanki sarsıldığı barədə iradlara cavab verərkən deyib: “Siyasi hakimiyyətin sarsıldığını necə görmək olar? Tavuş yeparxiyasının primatı gəlir, birdən-birə siyasi hakimiyyət sarsıldı? Heç nə olmayacaq, çünki bu hərəkətlər 2018-ci ildən bəri mövcuddur”. O qeyd edib ki, müxalifət xalqı toplaya bilməyib:   “Baqramyan prospektini aylarla bağlı saxladılar. İnsanları toplamaq üçün hər şeyi etdilər, amma bacarmadılar. İndi isə arxiyepiskopla 40 nəfər gəzir. Nikol Paşinyan 12 nəfərlə Gümrüdən gəlib. Baqrat Qalstanyan bel çantasını unudub, götürməli idi. Belə çantası yoxdursa, uğur qazana bilməyəcək”. Bununla Qaqik Melkonyan  kilsənin hakimiyyətə qarşı fəaliyyətinə istehza ilə yanaşdığını göstərib. O, müxalifət və kilsəni qeyri-ciddilikdə ittiham edib: “Əgər bir şey ciddi deyilsə, onu necə ciddi qəbul etmək olar? Əgər insanlar ölkəni dağıtmaq istəyirlərsə, hansı ciddilikdən danışmaq olar? Əvvəlcə onlar Tavuşda toplaşıblar və nə ediblər? Bəli, ciddiləşməliyik, ölkəni itirmək təhlükəsi var, bundan qorxmaq lazımdır.  
 Onlardan üçüncü ölkə kimi, Rusiya tərəfindən Ermənistanı müharibəyə sürükləmək üçün “beşinci kolon” kimi istifadə olunur”. Melkonyan əlavə edib ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru Baqrat Qalstanyan bir çoxları kimi Rusiyanın ən yaxşı agentlərindən biridir: “Rusiyanın Ermənistanda həmişə agentləri olub, onlar hələ də fəaldırlar. Kilsə KQB ilə əlaqəli idi. Xaricdəki keşişlərimizin yarıdan çoxu KQB agentləri idi. Bu barədə özləri danışırlar. Əgər Baqrat Qalstanyan Tavuş yeparxiyasının primatıdırsa, onda niyə İrəvana üz tutur?”. Qaqik Melkonyan radikal müxalifəti də sərt tənqid edib: “Robert Köçəryanın, Serj Sarkisyanın rəhbərliyi altında onların bütün əlaltıları yürüşü müşayiət edir. Orada səlahiyyətli şəxslər var, ona izah etdilər ki, sərhədin demarkasiyası olmalıdır, bizim dövlət sərhədimiz olmalıdır. Amma Baqrat Qalstanyan deyir ki, əsgərimizin ayağı hardadır, sərhədimiz də ordadır. Biz Azərbaycanla razılaşdıq ki, 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiya aparaq. Bizim ərazilərimiz olan o sərhədlərin sahibi bizik”. Demarkasiya prosesinin hansı xəritələr əsasında aparıldığını soruşduqda deputat belə cavab verdi: “1991-ci ilin xəritələri əsasında, 1976-cı ilin xəritələri əsasında. Azərbaycan razılaşdı ki, biz Alma-Ata bəyannaməsində nəzərdə tutulan xəritələrə əsasən demarkasiyaya doğru gedirik. Müharibə başlasa, biz əziyyət çəkərdik. Yenə ora rus sərhədçiləri gələrdi, biz Rusiyanın quberniyasına çevrilərdik, Ermənistan mövcud olmağı dayandırardı, müstəqilliyini itirərdi. İndi etirazçılar İrəvana gedir, onları kim qarşılayır? Vanetsyan və Arşak Karapetyan qoşulur. Onların yanında “Hayastan” fraksiyası dayanır. Robert Köçəryanın rəhbərliyi altında, Serj Sarkisyanın rəhbərliyi ilə onların bütün əlaltəları yürüşü müşayiət edir. Qalstanyanın Tavuş bölgəsində əla reputasiyası var idi, xalq onu Tavuş yeparxiyasının rəhbəri kimi qəbul edir və sevirdi. İndi gör onun haqqında nə deyirlər? Onlar artıq qışqırırlar: Baqrat baş nazirdir. Amma o, sadəcə olaraq oyuncaq kimi istifadə olunur”. Robert Köçəryanın dövründə müdafiə nazirinin müavini işləmiş Qaqik Melkonyan aksiyanın iflasa uğrayacağını bildirib. 

Ermənistan parlamentinin spikeri Alen Simonyan da Azərbaycanla sərhədin delimitasiyası üsullarından ölkədə kütləvi narazılıq olmadığını, lakin etirazlarda keçmiş hakimiyyətin və xarici qüvvələrin maxinasiyasını gördüyünü bildirib. “Meydanda 100-200 min adam toplaşsa, hakimiyyət gedəcəkmi” sualına Alen Simonyan sualla cavab verib: “Bəs yenə 15-20 min adam toplaşsa? Onda müxalifət siyasətdən gedəcək? Ermənistanda hakimiyyət xalqındır, xalq hansısa tələb irəli sürəndə görəcəyik ki, xalqdan gəlir. Məsələ kəmiyyətlə həll olunmur. Müxalifətçilərin öz ətraflarında yaratdıqları reallıq budur ki, onlar öz dediklərinə inanırlar, media vasitəsilə yayırlar. Amma bunlar həqiqətdən uzaq olur. Əminəm ki, Ermənistan xalqı hər şeyi çox gözəl başa düşür. Əminəm ki, Ermənistan xalqı sərhədlərin delimitasiyası prosesinə inanır, bilir ki, Ermənistan sülh şəraitində yaşamalıdır, müharibə istəmir, kilsənin bəzi üzvlərini siyasi fiqurlar kimi qəbul etməyəcəklər, bu qəbuledilməzdir”. Bu prosesdə hansısa xarici iz görüb-görmədiyini soruşduqda, o belə cavab verib: “Mən müxtəlif yerlərdən, fərqli diqqət və maliyyəyə malik, əsasən də eyni ölkədə yerləşən bloggerlərin bu hərəkata qoşulduqlarını bəyan etdiklərini görürəm. Əlbəttə, mən bunu görürəm, aydındır. Bəs bunu kim başa düşmür?”.  Baş verənləri şərh edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov bir sıra maraqlı nüanslara diqqət çəkərək bildirir: “Artıq biz bir neçə ildir ki, yaz aylarında Ermənistanda müxalifətin fəallaşdığının şahidi oluruq. İndiki etirazları isə Paşinyana qarşı olan müxalifət və kilsə təşkil edir. Məqsədləri fürsətdən istifadə edərək mövqelərini gücləndirmək, sıralarını genişləndirməkdir. Siyasi şərhçi “axar.az”a açıqlamasında Rusiyanın Ermənistanda etirazlar dalğasının genişlənməsində maraqlı olduğunu vurğulayıb: “Burada həm də xarici faktorların təsiri var. Belə ki, Rusiya da Ermənistan ərazisində sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak etməyə çalışır. Lakin rəsmi İrəvan buna imkan vermir. Nəzərə almaq lazımdır ki, Rusiya və Erməni Apostol Kilsəsinin yeparxiyasının başçısı Mkrtiç Qriqoryeviç Nersisyan ilə ermənilərin katolikosu II Qaregin qardaşdır. Etiraz aksiyalarında əsasən Rusiyada yaşayan ermənilər və Ermənistanda yaşayan rusmeyilli qüvvələr fəallıq göstərir. Onlar hansısa formada prosesin dayandırılmasını istəyirlər. 9 mayda yürüş İrəvana çatmalı və orada yekun mitinq keçirilməlidir. Yalnız oradakı aksiyanın yekununu gördükdən sonra etirazların davamlılığı və erməni cəmiyyətində Paşinyana qarşı güclü müqavimətin olub-olmadığı haqqında müəyyən fikir söyləmək mümkündür. Əgər bu baş verməsə, Paşinyan indiyədək göstərdiyi siyasi iradəni davam etdirəcək”.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
30
Mənbələr
Şərh ()
Bağla