AZ

Müavini direktor təyin etdirəcəyi adı ilə aldadan şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən Zaur Səfərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilib və Zaur Səfərov məhkəmə zalında həbs edilib.
 

İttihama görə, Zaur Səfərov zərərçəkmiş Ə.Abdıyevaya Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Gəncə filialı tərəfindən 2009-cu ildə təqdim edilməklə “Maarif’ fakültəsinin “İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi faktını təsdiq edən, lakin hüquqi və faktiki əsası olmadığından saxta sənəd olduğu müəyyən edilmiş diplomun etibarlı sayılması və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyi Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin vakant direktoru vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi vədini verib. O, bu yolla qadından ümumilikdə 98 000 manat məbləğində pul dələduzluq yolu ilə ələ keçirib.
 

Məhkəmə istintaqında Zaur Səfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 1989-1991-ci illərdə DİN-in “OMON” Xüsusi Təyinatlı Polis Dəstəsində polis serjantı rütbəsi ilə kəşfiyyatçı vəzifəsində xidmət edib, 1991-1998-ci illərdə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsində inspektor işləyib. 1998-ci ildə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən azad olunub, hazırkı vaxtadək gəlir əldə etmək üçün fərdi qaydada müxtəlif işlərdə işləsə də, rəsmi iş yeri olmayıb. O, ittiham aktında adları qeyd edilən Hicran və Hökümə adlı şəxsləri tanımadığını və heç bir zaman onlarla ünsiyyəti olmadığını söyləyib. Zaur yalnız Şahları və onun qonşusu Qisməti tanıdığını bildirib. O qeyd edib ki, 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək olan dövrdə dəqiq xatırlamadığı tarixdə Şahlar ona müraciət edərək zərərçəkmiş şəxsin Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilmiş bakalavr diplomunun saxta olduğunu bildirərək, həmin diplomun tanınmasına və Ə.Abdıyevanın məktəbə direktor təyin olunmasına köməklik göstərmək imkanının olub-olmadığını soruşub. Zaur isə bu məsələ ilə bağlı tanışı Könül xanımın onlara kömək edə biləcəyini və onunla danışacağını bildirib. O, Könül xanımla Şahlar müəllimi tanış etdiyini, bundan sonra bu məsələnin həllinin qeyri-mümkün olduğunu söyləyib. O, nə Şahlar müəllimdən, nə Ə.Abdıyevadan, nə də kimsədən pul almadığını vurğulayıb.

 

Kamal Məmmədov

 

Tarix: 8 May 2024, 08:44   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla