AZ

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

Kulis.az Ömər Xəyyamın “AYBO” adlı yazısının birinci hissəsini təqdim edir.



Bir yandan da bu yağış... Kədərliyəm. Təkcə ona görə yox ki, AYO-nun bayrağını AYB-nin damına sancmaq istəyən Həmid Herisçinin özü AYB-nin bayrağının altından keçdi, üstəlik, o bayrağın bezindən bəzəkli qalstuk düzəldib də enli yaxasından asdı... görünür, Həmidağa növbəti qurultayaqədərki prosesin bayraqdarı olacaq; fədaidi də, özünü fəda etdi... ya da hansısa fısıltının qurbanına çevrildi...nə olsun, qərib şairimizəcən haman bayrağın altından xeyli adam keçib... Murad Köhnəqala keçib, Azad Yaşar keçib... - həm də ona görə ki, mənim əziz qələmdaşlarım çoxdan kölgəsini itirmiş o bayrağın altına məğlub ömrün qaç/qovundan sonra nəfəs almağa, nəfəs verməyə girdilər... döyüşdülər, döyüşdülər məğlub oldular... evsiz-eşiksiz, qara qəpiksiz... döngədə ilişdilər və çırpıb getdikləri “tövbə qapısına” qayıtdılar... əlləri ətəklərindən uzun, quzu-quzu...

AYO hərəkatının təsisçiləri, – təəssüf ki, AYO təşkilata, birliyə çevrilə bilmədi – yəni 70-lərdə qələbəsini elan edən “60-cılar” nəsliylə, ölü doğulmuş, təzə-təzə formalaşmağa başlayan 90-cı illər ədəbi mühitinin ziddiyyətindən yaranmış bu çılğınlar həyat şərtlərinin ağırlığı altında əzildilər, öz “düşmənləri”nin taleyini yaşamağa başladılar.
Daha doğrusu, “düşmənləri”ilə eyniləşdilər.
Müharibənin ən pis yanı da zamanla tərəfləri bir-birinə çevirməyi, onları bir-biriylə eyniləşdirməyidir.

Məsələn, Anarın çoxillik sədrliyilə barışmayan Rasim Qaraca özü AYO-nun sədrlik kürsüsündən getmək istəmirdi. – Həmtəsisçi Murad Köhnəqala deyir bunu, mən demirəm. Deyir, Rasim Qaracaya sual vermişdik ki, bəs niyə “Alatoran”ı AYO-nun ədəbi orqanı kimi təqdim etməmisən, cavab vermişdi ki, bu, AYO-nun yox, mənim jurnalımdır.

“Quş qripindən ölən şair” şeirini yazan Murad Köhnəqalanı deyirəm. Ki, sonra öz obrazına çevrildi, öz obrazının taleyini yaşamağa başladı: lələyini dişlədi, özü-özünə infeksiya saldı və beləcə, azala-azala, vaxtından gec öldü.

Həmin illərdə durğun-durğun sürünən mühitin katalizatoruna çevrilən AYO-nun ədəbi töhfələrini danmaq nadanlıq olar, fəqət böyük mənada, - yəni bu gün, yəni AYO öləndən sonra dəyərləndirsək, demək olar ki, oötəri sıçrayışların, söz davalarının ədəbiyyatın özünə heç bir faydası olmadı...

AYB ordadı, Anar ordadı, üstəlik, AYO-nun sərkərdələri də onun yanındadırlar.

****

AYB – Total nəzarət sisteminin ədəbi-bədii qalası.
Belənçi təşkilatların ta əzəldən sahəvi nəzarət məqsədilə yaradılıb, mövcud sistemin ədəbi-bədii qalxanına çevriliblər.
Düzü, bu cümləni yazanda dodaqlarımı dişlədim, məni soyuq tər basdı, sonra fikirləşdim ki, axı bu, təhlükəli məsələ deyil, bu cümləni yazdığıma görə heç kim məndən inciməz, heç kim məni incitməz.
AYO AYB-nin alternativi kimi – yəni Azad yazarlar ocağı kimi yarandı, qalandı, alışdı və söndü.
Hətta AYO yaranandan sonra AYB-nin gənclərlə iş üzrə strategiyası dəyişdi, qeyd etdiyim kimi, mürgülü mühit dirçəldi, fəqət gəlin görək, AYO-nun ötəri söz-söhbətdən başqa, qalmaqallardan, atmacalardan başqa ədəbi arxivində nə var?

Tutalım, Şərif Ağayar, Mirmehdi Ağaoğlu... yaxud Aqşin... lap elə Həmidin özü.
Şərif hansı əsərini AYO-nun verdiyi azadlığın, imtiyazın, yaxud AYO-nun diktə etdiyi ədəbi ideologiyanın təsiri ilə yazıb?
Yoxsa Qismətin təkbaşına gördüyü işlər AYO-nun fəaliyyətindən, üzvlərinin yaradıcılığından aşağıdır?

Bəs niyə saf niyyətli, “azad yazıçı” yetişdirmək məqsədili hərəkat, səs-küylü alternativ özünü doğrultmadı?

Təsisçilərin məqsədi sənət deyildi, aydındır, həm də həqiqi sənət maddi bazanın əsasında formalaşır axı.

Azad yazıçı AYB-nin üzvü olmayan, AYO-nun üzvü olan yazıçı yox, maddi rifahı olan yazıçıdır.
Fərqi yoxdur, elə azad rejissor da, azad ssenarist də.

Şərtlər pul qazana bilməyənin, pulu olmayanın boynuna kəmənd atır və kəmənd də zamanla quyruğa çevrilir.
Bəs niyə yazıçılar pul qazana bilmirlər?
Səbəbləri hamımız bilirik. Olmayan mədəniyyət siyasəti, olmayan kitab sənayesi və sair və ilaxır. Ki, mən özüm də səbəbləri açıq-aydın yaza bilmirəm...
Məhz elə bu səbəblərə görə AYB-yə üzv olmuşdum. Sırf təqaüd almaq üçün.

Ümumi mənzərə aydındı.
Elə oldu ki, belə oldu.
Mən Muradı qınamıram, Həmidi də qınamıram.
İlin-günün bu vaxtında heç kimdən qəhrəmanlıq gözləmək olmaz.

Deməyim odur ki, Həmidin, yaxud Muradın yerdəyişməsi ciddi hadisə deyil. Bir AYB-dən başqa AYB-yə gəliblər.
Yəni, bu gün, AYO öləndən sonra rahatlıqla belə demək olar. Sadəcə, bu AYB-nin pulu var. Tutalım, şairə ev verir, Muradı istirahətə, Həmidin beynəlxalq tədbirlərə göndərir...

Evsiz azadlıqla “Azadlıqdakı” evin fərqini bilməyən varmı ki?
Şərtlər, a bəy, şərtlər...

Kimisə xəyanətdə qınayırsan, əsəbiləşirsən və həyat elə gətirir ki, qınadığın adamın taleyini yaşamağa başlayırsan.
Əgər məqsəd sənət deyilsə, məğlubiyyət labüddür.

AYO-nun ideoloqları, vuran əlləri, döyünən ürəkləri bu gün yox, elə AYO-nu yaradan gün məğlub olmuşdular...
Ara yerdə uşaqlar incidilər, küsdülər, pərt oldular.
Sağ qalmağın, salamat qalmağın şərtləri ağırdır.

Mətnin zamanı, məkanı yoxdur. Mətn zamanın da, məkanın da fövqündədir.
Şərif əvvəl - AYB-də olanda da, sonra - AYO-da olanda da yazırdı. İndi heç birinin üzvü deyil, yenə yazır.
Rasim Qaracanın iki-üç yaxşı şeiri var, fəqət mən onun hələ canımdan keçirə biləcəyim əsərini oxumamışam. Yəni heç nə dəyişməyib.
Ötəri səs-küy idi. Lazım idimi? Lazım idi.
Fəqət istədiklərini ala bilmədilər və “tövbə qapısı”na qayıtdılar...


Ədəbiyyatın problemi Anar deyil. Ədbiyyatın AYB adlı dərdi yoxdu.
Səndən ötrü nə fərqi var, AYB-nin sədri Anardır, yoxsa Çingiz, sən onsuz da cümlə qura bilmirsən...

AYB-dən nəsə umanlar, AYB-lə dava edənlərin məqsədi, əlbəttə, sənət deyil. Onlar “düşmən”lərinə - Anara çevrilmək, onun imtiyazlarına sahib olmaq istəyirlər.
Ev istəyirlər, maşın istəyirlər və bu mübarizəni bizə “ədəbi savaş” kimi soxuşdururlar.

İki min onlardan başlayan atmacaların, dava-dalaşın, qalmaqalların faydalı iş əmsalı sıfırdır.
AYO-AYB davası mühitə səs-küy saldı, mürgülü yazıçılar oyandılar, fəqət bu dava-dalaşın, səs-küyün ədəbiyyatın özünə heç bir faydası olmadı.
Bu dava-dalaş mətnə çevrilə bilmədi. Maksimum üç-beş köşə yazıldı, yazıldı, elə həmin gün də aktuallığını itirdi və bitdi.

Tələsməyin, bilmək olmaz, bəlkə, Həmid də, Murad da AYB-yə məqsədli şəkildə üzv olublar. Sistemi içridən dağıtmaq istəyirlər.

ardı var...


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
284
50
Mənbələr
Şərh ()
Bağla