AZ

“Bəzi hakimlərin peşəkarlığının olmaması bir neçə komandanın işinə yarayır” - “Kəpəz”in ulduzu şikayətləndi

Misli premyer-liqasının 33-cü turunda “Kəpəz” evdə “Sumqayıt”la heç-heçə etdi - 1:1.

“Kimyaçılar” meydanda əzmkar “Kəpəz” gördü. Ona görə ki, “sarı-göylər”in elitada qalması təsdiqlənsə belə, Adil Şükürov futbolçulardan baxımlı oyun tələb edir. Bura qədər hər şey aydındı. Əsas məsələ isə yenə də hakimliklə bağlıdı.

Son turlardaaz qala hər oyunda idarəçiliklə bağlı etirazla üzləşirik. Belə ki, referi Tural Qurbanov “Kəpəz”in iki, “Sumqayıt”ın bir futbolçusuna qırmızı vərəqə göstərdi. Qovulanlar arasında “Kəpəz”in braziliyalı yarımmüdafiəçisi Junior Martins(90+6) də var idi. İddialara görə bundan sonra da hirsi soyumayan legioner dəhlizdə hakimlə gərgin polemikaya girib. Daha sonra ətrafdakıların müdaxiləsi ilə mübahisə dayandırılıb. Juniorun etirazı nəyə idi?

Bunu öyrənmək üçün braziliyalının özünə müraciət etdik. 25 yaşlı futbolçu “Football-plus.az”ın sualını belə cavabladı:

“Azərbaycan çempionatı çox yaxşı keçdi. Amma bu son turlarda hakimlər bir neçə komandaları narahat edir. “Sumqayıt”la bu oyunu idarə edən hakim həmişə “Kəpəz”i narahat etmək istəyir. Oyunun gözlənilməz yerində penalti verdi. Yenə “Kəpəz”i çətinə salacaqdı. Vəziyyət çox pis oldu. Ümumiyyətlə, təkcə mən yox, hamı hakimdən şikayətlənir. Biz bir oyuna çıxmaq üçün bütün həftə işləyirik, yaxşı hazırlaşırıq və əmək sərf edirik, hakim isə oyuna müdaxilə edir. Bezdiricidi, əsəbləşməmək əldə deyil”.

Təcrübəli vinger hakimliklə bağlı ciddi boşluqların çempionata ciddi təsir etdiyini də dedi:

“Düzünü desəm, Azərbaycanda hakimlik bütün komandalara təsir edir. Bəzi hakimlərin peşəkarlığının olmaması bir neçə komandanın işinə yarayır”.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla