AZ

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 8 may, AZƏRTAC

Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi, ssenarist Kevin Van Nuffel Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Belçika Krallığının Azərbaycandakı səfirliyinin xətti ilə təşkil olunmuş səfər çərçivəsində rəsmi qonağı muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyeva müşayiət edib. O, qonağı Nizami Muzeyinin ekspozisiya zalları ilə tanış edərək Azərbaycan ədəbiyyatı haqqında məlumatlandırıb. Qonaq daha sonra muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb.

Belçika ilə Azərbaycan arasında diplomatik münasibətlərin inkişaf etdiyini deyən Rafael Hüseynov qonaqla Azərbaycan ədəbiyyatının qədim və zəngin inkişaf yolu haqqında söhbət edib.

Klassik Şərq ədəbiyyatına böyük maraq göstərən Kevin Van Nuffel görüş əsnasında Azərbaycanın çox zəngin mədəni irsə sahib olduğunu qeyd edib. O, XII əsrdə qədim Gəncədə Məhsəti Gəncəvi kimi qüdrətli rübai ustadının parlamasını Azərbaycan xalqının yüksək poetik istedadı ilə əlaqələndirərək bunun dünyada fenomen hadisə olduğunu bildirib.

Görüş zamanı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla