AZ

9 MAY – QƏLƏBƏ GÜNÜ

Babam Rüstəmov Kamil Dərələyəz mahalının Qovuşuq kəndində 1917-ci ildə İsmayıl bəylə Pəri xanımın ailəsində anadan olub. 2 qardaş, 2 bacı olublar. Atası el-obada tanınan şəxs olub, Dərələyəzdən Naxçıvana kimi hər kəs tanıyırmış. Anası Qarabağlıdır, saz çalıb, bayatı deyib, at çaparmış. Böyük Dağdələnlilər tayfasının nümayəndəsidir. Tayfanın Dağdələnlilər adlandırılmasının səbəbi odur ki, şah dövründə el-obada su qıtlığı olduğu üçün şah deyib ki, kim kəndə su gətirib, məndən nə istəsə, verəcəyəm. Babamın ulu babası Şahın sarayında çalışırmış və külünglə dağı dəlib suyu gətirərək şahı və xalqı xilas edib. Şaha deyib ki, pul, qızıl, ad-san istəmirəm. Mənə haqqım olanı – Dağdələnli desən, bəsimdir. Bu tayfanın nümayəndələrində pəhləvanlıqda var, güclü, qüvvətli olublar. Hal-hazırda babamın nəvəsi, nəticəsi tanınmış güləşçilərdir.
Bu gün 9 May Qələbə günüdür. Babam Rüstəmov Kamil və qardaşı Rüstəmov Ləzim Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçılarıdır. Misilsiz şücaət və qəhrəmanlıqlarına görə müxtəlif medal və ordenlərlə təltif olunublar. Babamın bədəninin müxtəlif nahiyələrində – başında, qolunda, ayağında qəlpə və güllə yarası var idi. Özü danışırdı ki, 3 gün meşədə yaralı halda qalıb. Müxtəlif cəbhələrdə döyüşüb. Babam SSRİ-Finlandiya müharibəsində də igidlik göstərib. Hər zaman müharibə veteranı kimi dövlət qayğısı görüb.
Babam müxtəlif dövlət işlərində çalışıb. Bakı-İrəvan qatarında və Şərur rayonunun Şahtaxtı kəndində qatarda maşinist və Dərələyəzin Gülüdüzü kəndində mədəndə işləyib. Uğurlu fəaliyyətinə görə hər zaman mükafatlar verilib. Babamın həyat yoldaşı və nənəm Həvva xanımla ailəsində 10 övladı olub, 6 qız, 4 oğlan. 90-a yaxın nəvə və nəticəsi var. Mehriban və zəhmətkeş ata və baba olub. Oğlanları dövlət işlərində çalışıblar. Nəvə və nəticələri də müəllim, polis, mühəndis, hərbçi kimi fəaliyyət göstərirlər. Sonra Şərurun Kərki kəndində məskunlaşıb. 1988-ci ildə bu kənddən ermənilər tərəfindən deportasiya olunandan sonra Bakıda yaşayıb. 2001-ci ildə Bakıda da dünyasını dəyişib. Allah rəhmət eləsin. Yaxşı ki, onun nəvəsiyəm. Qürur duyuram. Hər zaman qəlbimizdə və xoş xatirələrimizdə yaşayacaq.

Hazırladı: Nəvəsi – Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Osman Azad oğlu Əhmədzadə

image-1 image-2 image-3 image-4

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla