AZ

Putin “İ” üzərində nöqtələri qoydumu?

Putin və Paşinyan arasında 8 mayda baş tutan görüş haqqında görüşdən əvvəl daha çox danışılırdı, nəinki görüşdən sonra. Görüşdən əvvəl ən sərt açıqlama elə Putinin köməkçisi Uşakovdan gəlmişdi: "Bu görüşdə Putin “i” üzərində çox nöqtələr qoyacaq”.
 
Bir saatdan bir qədər artıq çəkən görüşdə Ermənistan və Rusiya arasında mövcud problemlərin hamısının üzərində “nöqtələr” qoyulması real görsənmir. Əvvələn, bəzilərinin ( Markedenov kimilərinin)  fikirləşdiyi kimi Paşinyanın imdad diləməyə yox, daha çox irad bildirməyə getməsi görüş ərəfəsində açıq görünürdü. Rusiya televiziyalarının Ermənistanda yayımlanmasına qadağa qoyulması, görüş günü isə İrəvanın KTMT-ni maliyyələşdirməkdən imtina etməsi barədə rəsmi açıqlaması Paşinyanın “ən yaxşı müdafiə hücumdur” prinsipinə əsaslandığına işarə idi. Demək olar ki, Qərb beyin mərkəzlərində hazırlanmış bu gedişlər öz nəticəsini verdi. Tərəflər Rusiya sərhədçilərinin Azərbaycan-Ermənistan sərhədindən və Zvartnos aeroportundan çəkilməsini razılaşdırıb. Görüşdən sonra Dmitri Peskovun “ qarşı tərəfin xahişinə əsasən Rusiya sərhədçiləri Türkiyə və İran sərhədlərini qoruyacaq” açıqlaması Rusiyanın bu görüşdə qazandığı uğuru sayıla bilər, çünki Rusiya hərbi kontingentinin yalnız sərhədlərdən deyil, eyni zamanda Gümrüdəki hərbi bazasından çıxarılması rəsmi İrəvan tərəfindən hərdən gündəmə gətirilsə də, Rusiya Ermənistanda mövcudluğunu saxlamış oldu. Bütün bunlar ona dəlalət edir ki, nə Rusiya Ermənistandan, nə də Ermənistan Rusiyadan hərbi-iqtisadi, müəyyən mənada siyasi baxımdan qopmaq fikrində deyillər, ən azı yaxın illər üçün bu inandırıcı görsənmir. Rusiya Paşinyan hakimiyyətindən narazıdır, bəzən isə bu narazılıq qəzəb səviyyəsinə də qalxır, amma Ermənistanın baş nazirini əvəz edəcək lider, real siyasi gücün olmadığını son üç ildə özləri üçün dəqiqləşdirib. Ona görə də “ Rusiya Paşinyan cəzalandıracaq” qənaətinə gələnlərin tələsik nəticə çıxardıqlarını demək olar. Rusiya-Ukrayna müharibəsinin indiki ağır mərhələsində Kremlin Cənubi Qafqaza diqqətinin “qəzəb” səviyyəsinə yüksələ bilməsi çox çətindir. 
 
 Perspektiv nəyi göstərə bilər? Qərb hələ də Rusiyanın Ermənistanda hərbi, iqtisadi iştirakının yaxın müddətə bitməyəcəyini özü üçün bir daha dəqiqləşdirdi. Zəngəzur yolunun açılması və təhlükəsizliyə kimin nəzarət edəcəyi məsələsi də ən azı 4 ildən tez həll edilməyəcək, səbəb yolun hələ hazır olmaması və ciddi maliyyə tələbidir. Bütün bunlara baxmayaraq Qərb Paşinyan hakimiyyətini müdafiə etməyə davam edəcək, Rusiyanın tədricən bölgədən çıxarılması xəttini aparacaq. Bu mənada Azərbaycanla sülh müqaviləsinin imzalanması Qərbin marağındadır ki, iki ölkə arasında münaqişə perspektivi olmadıqca Rusiyanın təhlükəsizlik təminatına da ehtiyac azalacaq. Görüşdən əvvəl Putin “bölgədə təhlükəsizlik” problemlərinin müzakirəsinə ehtiyac olduğunu vurğulasa da, həmin gün Ermənistanın KTMT-ni maliyyələşdirməyəcəyi barədə rəsmi mövqeyinin açıqlanması onu sübut etdi ki, Ermənistan təhlükəsizliyinin gələcəyini Rusiyada görmür. Amma, Rusiya da Qərbin yaxın-uzaq perspektivdə Ermənistanda hərbi baza yaratmasını özünə ciddi təhlükə kimi görür. Ukraynada müharibə də Rusiya sərhədlərinə Qərbin yaxınlaşması adı altında başladı. Və Rusiya bilir ki, Paşinyan hələlik Rusiya sərhədçilərinin İran və Türkiyə sərhədində qalmasına razılıq verməsi müvəqqəti fasilə imkanının əldə olunmasına xidmət edir. Paşinyan dayanmayacaq və Azərbaycanla sülh müqaviləsini imzalayandan sonra Rusiya sərhədçilərinin tamamilə çıxarılmasını gündəmə gətirəcək. Bura Gümrüdəki baza da daxildir.
 
Amma, Ermənistan Rusiya hərbi kontingentini istəməsə də iqtisadi cəhətdən Rusiyadan asılılığını yaxşı anlayır və Putin də Moskva görüşündə iqtisadi əlaqələrin xüsusilə Ermənistan üçün əhəmiyyətini vurğulamaqla, İrəvanı gözləyəcək çətinliklərə açıq eyham vurmuş oldu. Qlobal güclər arasında reveranslar etməyi sevən və bacaran Paşinyan iqtisadi böhranla üz-üzə qaldıqda hakimiyyətinin itirəcəyini anlayır və Rusiyadan iqtisadi asılılığını ən azı minimuma endirəcəyinə qədər Rusiya ilə gərginliyə getməyəcək. Bəs, o minimuma necə nail ola bilər? Yalnız Türkiyə və Azərbaycan ilə münasibətləri normallaşdırdığı halda. Türkiyə ilə sərhədlərin açılması Ermənistanı həmin minimum asılılığa çatdıra bilər. Amma, bu da Qərbin Ermənistanda hərbi baza yerləşdirilməsinə gətirib çıxarmayacaq. Rusiya Baltikyanı respublikalardan sonra postsovet məkanında NATO bazalarının yerləşməsinə heç cür imkan verəsi deyil. Ermənistanın Rusiyadan asılı olaraq qalacağını Putin bu görüşdə Paşinyana çatdırmış oldu və hər şeyə nöqtə qoya bilməsə də, strateji nöqtəni qoymuş oldu.
 
İlham İsmayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
50
Mənbələr
Şərh ()
Bağla