AZ

İntensivləşən iqtisadi əlaqələr Azərbaycan-Çin münasibətlərində yeni mərhələ açıb...

Image

Azərbaycan və Çin xalqlarını minilliklər boyu möhkəm dostluq və qarşılıqlı faydalı əlaqələr birləşdirir. Əsrlər boyu ipək, çay və bir çox başqa mallar daşıyan karvanlar ölkələr arasında əsas ticarət damarı olmaqla yanaşı, həm də bilik və mədəniyyətin yayılmasında mühüm rol oynayıblar. Böyük İpək Yolu sivilizasiyaların dialoqu üçün də əlverişli şərait yaradıb.

Bu gün belə bir marşrut Avrasiyada münasibətlərin yeni arxitekturasını quran, dövlətləri qarşılıqlı fayda əsasında və bir-birinin maraqlarını nəzərə alaraq birləşdirməyə çalışan unikal “Bir kəmər, bir yol” layihəsi fonunda yenidən dirçəldilir. 

Hazırda Çin Azərbaycanın mühüm və qarşılıqlı ticarət dövriyyəsi artmaqda davam edən ticarət tərəfdaşıdır. Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötüb. Ticarət dövriyyəsində ikirəqəmli artım qeydə alınıb və bu, davam edir. Hazırda Çin Azərbaycanın 5 böyük ticarət tərəfdaşından biri kimi 4-cü yerdə qərarlaşır. İdxalda isə 3-cü yeri tutur. Dövlətlərarası sərmayələrin təşviqi, imzalanan sazişlər, iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır. Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Çin həm də ölkəmizdə potensial investorlardan hesab edilir. İndiyə qədər Çindən ölkəmizə 1,5 milyard dollara qədər sərmayə yatırılıb. Çin şirkətləri ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində təmsil olunur və hazırda onların sayı 120-yə yaxındır. Öz növbəsində, Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir və investisiyaların həcmi 1,7 milyard dolları ötür. İqtisadi əlaqələrin dinamikasına təsir göstərən mühüm amillərdən biri hər iki ölkədə ticarət nümayəndəliklərinin yaradılması, investisiyaların təşviqi ilə bağlı səmərəli iqtisadi alətlərin tətbiqidir. Hazırda Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də, Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb. Bu fəaliyyətlər sayəsində iki ölkə arasında həm siyasi təmaslar daha da möhkəmlənir, həm də iqtisadi əməkdaşlığın coğrafiyası və strukturu genişlənir. 

İki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur. Xüsusilə də, Asiya və Avropanı birləşdirən qlobal dəhlizin - “Bir kəmər, bir yol” nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və siyasi dəstək verən ölkələrdən biri Azərbaycan olub. Çin nəzərə alır ki, Azərbaycan müxtəlif nəqliyyat yollarının kəsişməsində yerləşir və “Şərq-Qərb” Çini Avropa ilə birləşdirən və Xəzər dənizi, Azərbaycan vasitəsilə Mərkəzi Asiya dövlətlərindən keçən ən qısa marşrutdur. Eyni sözləri “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında da demək lazımdır. Coğrafi mövqeyimiz də müəyyən mənada iqtisadi tərəfdaşlığımızı da müəyyən edir. Azərbaycan nəzərə alır ki, Çin hazırda dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Çin Milli Statistika Bürosunun məlumatına görə, 2023-cü ildə Çinin ÜDM-i 17,71 trilyon dollara çatıb. 2023-cü ildə Çinin sənaye əlavə dəyəri illik müqayisədə 4,6 faiz artıb. Əsas kapitala investisiyaların artımı 3 faiz, pərakəndə ticarət isə illik müqayisədə 7,2 faiz artıb. Bu ölkə böyük idxal və ixrac həcmlərinə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir. Çin transformasiyalardan uğurla çıxmağı, çevik keçidlər etməyi, özünün itisadi siyasətini yeni çağırışlara məharətlə uyğunlaşdırmağı yaxşı bacaran ölkədir. İndi dünyanın  iqtisadi mərkəzlərindən biri olan Çin Mərkəzi Asiya, Qafqaz və Xəzər regionunda iqtisadi layihələrin şaxələndirilməsi və həyata keçirilməsində maraqlıdır. Pekini maraqlandıran əsas məsələlərdən biri Çin istehsalı məhsulların Avrasiya məkanında ən qısa marşrutla hərəkətinin və bazarlara çıxışının təmin edilməsidir. Bu mənada həm Azərbaycan, həm də Çin arasında nəqliyyat-logistika, iqtisadi-enerji baxımdan həyata keçiriləcək layihələr xeyli intensivləşib. Azərbaycan-Çin münasibətlərinin mühüm inkişaf tendensiyalarından biri öz növbəsində enerji, elektroenergetika sektorunda da özünü göstərir. Bu kontekstdə Çinə məxsus enerji şirkətləri enerji sektoruna xüsusi maraq göstərir. Qeyd edək ki, “yaşıl enerji” Çinlə ölkəmiz arasında inkişaf etməkdə olan münasibətlərin mühüm istiqamətlərindən biridir. “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında Çinin “Dongfang” şirkətinin iştirak etməsi, “Acwa Power” şirkətinin Azərbaycanda yaşıl enerji ilə bağlı inşa etdiyi stansiyanın texniki təminatında Çin şirkətlərinin rolu ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan-Çin münasibətləri sadəcə nəqliyyat-logistika ilə məhdudlaşmayaraq, bir çox sahəni əhatə edir və həyata keçirilməkdə olan layihələrin miqyası hər keçən il daha da genişlənir. Bütün bunlar hər iki ölkənin maraqlarına cavab verir. Elə o səbəbdən qarşıdakı dövr ərzində Azərbaycan-Çin münasibətlərinin daha dinamik inkişafı gözlənilir.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla