ABŞ Ukraynaya hərbi yardımı müvəqqəti olaraq dayandırıb. Məlumatı Ağ Ev yayıb.
“Prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”, - deyə Ağ Ev rəsmisi bildirib.
Xarici KİV-lərdə hərbi yardımın dayandırılması ilə bağlı bir çox məqalələr dərc olunub.
Modern.az onlardan bəzilərini təqdim edir.
"Bloomberg"n Pentaqondakı yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, bu addım müvəqqəti xarakter daşıyır və Vaşinqton Kiyevin Moskva ilə sülh razılaşması əldə etməyə çalışdığını görənədək qüvvədə qalacaq.
Qərarın arxasında ABŞ Prezidenti Donald Tramp dayanır. Tramp hələ hakimiyyətinin əvvəlindən Ukraynaya silah tədarükünə skeptik yanaşıb. Lakin o, ciddi addımları Zelenski ilə Ağ Evdəki mübahisədən sonra atmağa qərar verib.
Trampın qərarına bir milyard dollardan çox dəyərində hərbi texnika və sursatı əhatə edir. Onların bəziləri artıq yoldadır, digərləri isə təhvil verilməyə hazırlaşır. "The New York Times"ın məlumatına görə, söhbət yüzlərlə idarə olunan reaktiv yaylım atəş sistemindən və tank əleyhinə vasitələrdən gedir. "The Washington Post" isə Kiyevin uzaqmənzilli raketlərin buraxılması üçün ABŞ-ın kəşfiyyat dəstəyinə ehtiyac duyduğunu vurğulayır.
Trampın qərarı ABŞ və Ukrayna arasındakı münasibətlərdə gərginliyi daha da artırıb. Analitiklər bildirirlər ki, Ukrayna hələ bir neçə ay öz hərbi istehsalı və Avropadan gələn tədarüklər hesabına dözə bilər. Bununla belə, Fransa, Böyük Britaniya və Almaniyanın rəhbərlik etdiyi Avropa ölkələri yardımı artıracaqlarını vəd etsələr də, qısa müddətdə ABŞ-ın yaratdığı boşluğu tamamlaya bilmək imkanına malik deyillər.
ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması fonunda Avropa İttifaqı da 20 milyard dollarlıq hərbi yardım paketini hazırlayırdı. Lakin "Politico"nun məlumatına görə, Macarıstan bu təşəbbüsü bloklayıb və nəticədə paket dayandırılıb. Avropa ölkələri Ukraynaya artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, dronlar və digər silah sistemləri göndərməyi planlaşdırırdı. Ancaq iqtisadi çətinliklər səbəbindən bu yardımın davamlı olması sual altındadır.
Beləliklə, Vaşinqtonun yeni strategiyası və Avropanın iqtisadi məhdudiyyətləri Ukraynanın hərbi imkanlarını sınağa çəkir. ABŞ-ın növbəti addımları hələlik qeyri-müəyyəndir, lakin müşahidəçilər hesab edirlər ki, Vaşinqton Ukraynanı Moskva ilə kompromisə getməyə məcbur etməyə çalışır.