EN

Vətənə bağlı gənclik

Yazını böyüt
Yazını kiçilt

Gənc nəslin vətənpərvərlik tərbiyəsi bəşər cəmiyyətinin inkişafının bütün mərhələlərində aktual olub. Hazırda cəmiyyətimizdə həyatın bütün sahələrində baş verən əsaslı dəyişikliklərlə əlaqədar bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Vətənpərvərlik tərbiyəsinin məqsədi Vətənini sevən, doğma yurduna sədaqətli, öz əməyi ilə ona xidmət etməyə, maraqlarını qorumağa hazır olan inanclı vətənpərvər yetişdirməkdir. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş dövlətçilik durur. Azərbaycan xalqının yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətləri, qəhrəmanlıq tarixi, dövlətin müasir inkişaf göstəriciləri gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillərdir.

Bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi, insani dəyərlərin böyük əhəmiyyət kəsb etməsi, vətəndaş tərbiyəsi, insan azadlığına və hüquqlarına hörmət, ətraf mühitə, vətənə, ailəyə məhəbbət, milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə hörmət və ehtiram tərbiyə məsələsinin əsasında durur.

Mütəxəssislər sübut edirlər ki, doğma təbiətə bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsil insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Xalqın tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz.

Müşahidələr göstərir ki, tərbiyənin əsası ailədə qoyulur. Sonra bu proses məktəbəqədər tərbiyə müəssisələrində davam etdirilir. Bağçalar və məktəbəqədər tərbiyə müəssisələri uşaqların və körpələrin gələcək inkişafında əvəzedilməz rol oynayır. Dövlətimizin bu sahədə qəbul etdiyi qanunlar mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsini mühüm vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, fiziki cəhətdən möhkəm, sağlam uşaqların tərbiyə edilməsi, onlara milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin aşılanması məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir.

Pedaqoqların gəldikləri nəticələr onu deməyə əsas verir ki, məktəbəqədər tərbiyə müəssisələrində və orta məktəblərdə ölkənin tarixi, keçmişi, milli qəhrəmanlarla görüşlərin keçirilməsi, yarışların təşkili uşaqlarda mənəvi-əxlaqi keyfiyyətlərin, elmi biliklərin təkmilləşməsinə, vətənə məhəbbət hisslərinin formalaşmasına müsbət təsir göstərir. Orta məktəb proqramı çərçivəsində şagirdlərin tarixi muzeylərlə tanışlığı, müxtəlif səpkili ekskursiyaların təşkil edilməsi bu baxımdan çox faydalıdır.

Vətənpərvərlik sosial reallıqlar prosesində uşağın inkişaf tərbiyəsi üsullarından birinə çevrilir. Pedaqoji baxımdan, insanlarda vətənpərvərlik hisslərinin tərbiyəsi "mən”in mürəkkəb formada tərbiyə üsuludur və burada məqsəd öz vətəninə, xalqına məhəbbət hisslərinin aşılanmasıdır. Vətənpərvərlik - doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etmək, öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etməkdir.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2002- ci il mayın 6-da imzalanmış “Gənclər siyasəti haqqında” qanunda da deyilir ki, bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır. Bu qanundan göründüyü kimi, milli vətənpərvərliyin məzmunu təkcə öz vətəninə məhəbbət hissi ilə məhdudlaşmayıb, həm də milli ruhda tərbiyəni təşkil edir.

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert İlqar Orucov bildirib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məktəblərin, universitetlərin üzərinə böyük vəzifələr düşür: “Bu istiqamətdə işlər məktəblərimizdə yaxşı formada qurulub. Düşünürəm, daha yaxşı işlər qurmaq lazımdır. Hazırda qlobal çağırışlar, təhdidlər, xüsusilə siyasi kataklizmlər fonunda gənc nəslin mütləq şəkildə milli dəyərlər ruhunda tərbiyə olunmasına ciddi önəm verməliyik. Məktəb mühiti təkcə təhsil verməklə yekunlaşmır, məktəb eyni zamanda tərbiyə ocağıdır. Dərsliklərdə bu mövzunu kifayət qədər əhatəli verməliyik. Gündəlik olaraq müəllimlər şagirdlərin şəxsiyyətyönlü formalaşması istiqamətində çalışmalıdırlar. Məktəb rəhbərləri bu yöndə işlərin ciddi təşkilinə önəm verməlidirlər. Savadlı nəsil yetişdirə bilərik, amma milli dəyərlərdən uzaq nəsil yetişdirəcəyiksə, bu, artıq birbaşa ölkənin milli təhlükəsizlik məsələsidir. Həqiqətən, ciddi təhdidlər var. Azərbaycan inkişaf edir, güclənir və bu, bəzi xarici qüvvələrin xoşuna gəlmir. Ölkəmiz müstəqil siyasət həyata keçirir, bu, böyük dövlətləri qane etmir, çünki onlar öz maraqlarını təmin edə bilmirlər. Bəs hansı yolla ölkəmizə təsir güclərini artırırlar? Təbii ki, yetişməkdə olan gənc nəslin milli dəyərlərdən uzaq düşməsi istiqamətində ideoloji iş aparmaqla təsir güclərini artırmağa çalışırlar. Hədəf olaraq ölkəmizə təsir güclərini artırmağı məhz bunda görürlər. Hesab edirəm, məktəblər, bütövlükdə təhsil ictimaiyyəti hər zaman maarifləndirmə işini davam etdirməlidir. Kütləvi informasiya vasitələri də bu mövzunu ciddi diqqətdə saxlamalıdırlar. Qlobal çağırışlarla üz-üzəyik. Hazırda informasiya sərhədsizləşib. Yeni texnologiyalar, rəqəmsallaşma o həddə gəlib çatıb ki, çox asanlıqla yeni formalaşan nəslə, şagird və tələbələrə bu və ya digər formada təsir etmək imkanları yaranıb. Ona görə də gənc nəsli elə tərbiyə etməliyik ki, dövlətinə, milli dəyərlərinə bağlı olsun, Azərbaycan xalqının əsrlərlə yaratdığı, formalaşdırdığı dəyərlərdən uzaq düşməsin. Əlbəttə, dünyadakı qlobal trendlərdən uzaq düşməməli, yaxşı nə varsa, mənimsəməlidirlər. Milli dəyərlərimizə yad elementlər də ailələrimizə, cəmiyyətimizə siraət etməməlidir. Bu gün çox asanlıqla, qapımızı döymədən milli dəyərlərimizə yad elementlər ailəlimizə, cəmiyyətimizə daxil ola bilir. Mütləq şəkildə hər gün çalışmalıyıq. Bu məsələdə arxayın ola bilmərik. Daha ardıcıl, davamlı işlər aparmalıyıq. 44 günlük Vətən müharibəsində gənclərimizin milli hisslərə, dəyərlərə nə qədər bağlı olduqlarının şahidi olduq. Bu ruhu daha da gücləndirmək, hər zaman inkişaf etdirmək lazımdır”.

Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov deyir ki, Azərbaycanda yetişən gənc nəsildə, uşaqlarda vətənpərvərlik duyğusu potensial şəkildə çox yüksəkdir: “Ümumiyyətlə, vətənpərvərlik böyük anlayışdır. Vətənpərvər harada olmasından, hansı statusda olmasından asılı olmayaraq doğulduğu yerə, onun dəyərlərinə bağlı olmaqdır. Bu gün Azərbaycanda vətənpərvər gənc nəsil yetişir. O nəsil bütün müstəvilərdə bəlli düşmənlə mübarizə aparır. Bu gün biz əvvəlki illərlə müqayisədə daha mütəşəkkil, daha hazırlıqlıyıq”.

Psixoloq hesab edir ki, yeniyetmələrdə, uşaqlarda vətənpərvərlik hisslərinin formalaşmasında, yetişməsində hər iki sosial institutun böyük rolu var. Onun sözlərinə görə, uşaq hələ ailədə dövlət atributlarını tanımalı, təməl bilgilərə sahib olmalıdır: “Bu hissin formalaşmasında sonradan uşaq bağçaları, orta məktəb, tv və s. böyük rol oynayır. Ola bilər ki, ailə vətənpərvərliklə bağlı nəyisə övlada düzgün aşılamasın. O zaman uşaq bağçası bu natamamlığı düzəltməlidir. Bəlli bir yaşa qədər insanlarda vətənpərvəlik hissinin formalaşmasında cəmiyyətin demək olar ki, bütün sosial institutları kompleks fəaliyyət göstərməlidilər. Biz bu gün qloballaşan dünyada yaşayırıq. Sərhədlər açıqdır. Kifayət qədər gənclərimiz xaricdə təhsil alır, yaşayır, fəaliyyət göstərir. Onların bu vətənə bağlı olması birbaşa bizim ideoloji bazamızın möhkəm olması ilə bağlıdır. Bu bağlar nə qədər möhkəm bünövrə üzərində formalaşarsa, bir o qədər dövlətin, millətin xeyrinə olar”.

Chosen
20
hafta.az

1Sources