EN

Gürcüstan XİN rəhbəri BMT-də Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili BMT-yə səfəri çərçivəsində təşkilatın Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filimon Yanq ilə görüşüb.

"Report"un yerli bürosü xəbər verir ki, görüşdə Gürcüstanın BMT və onun institutlarının fəaliyyətində uğurlu iştirakı müzakirə edilib.

Nazir vurğulayıb ki, Gürcüstan təşkilatın prioritetlərinin icra olunmasını dəstəkləyir. Bu proses BMT Nizamnaməsinin dəyərlərinin və prinsiplərinin qorunması, sülhün təmin edilməsi, rifahın və dayanıqlı inkişafın təşviqini əhatə edir.

Gürcüstanın təşkilatın gender bərabərliyinin və qadın hüquqlarının gücləndirilməsinə yönəlmiş təşəbbüslərini dəstəklədiyi bir daha təsdiqlənib.

Tərəflər Cənubi Qafqaz regionundakı təhlükəsizlik vəziyyətini də müzakirə ediblər. Söhbət zamanı Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə də toxunulub. Maka Boçorişvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi qətiyyətli dəstəyə görə BMT Baş Assambleyasının prezidentinə təşəkkürünü bildirib.

Görüşdə Baş Assambleyada “Abxaziya, Gürcüstan və Tsxinvali regionu/Cənubi Osetiya, Gürcüstan”dan məcburi köçkün və qaçqınların statusu haqqında qətnamənin dəstəklənməsinin vacibliyinə xüsusi diqqət yetirilib.

Chosen
8
1
report.az

2Sources