İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Pirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib. Agentliyin məlumatında daha sonra qeyd edilir ki, parkda layihələrinin investisiya dəyəri 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib, 43 milyon manatdan çox investisiya yatırılıb, 160-dan çox daimi iş yeri yaradılıb.
Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan və 30 hektar ərazini əhatə edən parkın fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə əhəmiyyətli töhfələr verir.
Xatırladaq ki, sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Ölkədə sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadi zonası” sənaye parkları, 4 sənaye məhəlləsi – Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.