Şərqi Zəngəzur Yazıçılar Birliyinin sədri, meyxanaçı Namiq Məna həmkarlarının Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəmələri barədə açıqlamalarına görə tənqid edilmələrinə, meyxananı sənət hesab etməyənlərə cavab verib.
N.Məna Pravda.az-a açıqlamasında deyib ki, hər kəsin müstəqil fikri var:
“Hamının fikrinə hörmətlə yanaşıram. O insanı çox istəyirəm ki, mövqeyini ortaya qoymağı bacırır. Siz “meyxanaçı” deyirsiniz, mən isə “bədhiyyəçi şairlər” deyirəm. Onlar da şairlərdir. Şair şeir yazırsa, bədhiyyəçi şair də zəka çevikliyi ilə bədahətən şeir söyləyir. Bədhiyyəçilərin içində yetəri qədər gənc və istedadlı olanlar var ki, çevik zəkaya, yaddaşa malikdirlər. Söz ehtiyatları, potensialları var, eyni zamanda yazdıqları şeirləri poetik ifadə tərzinə keçirməyi bacarırlar. Hətta mən də bir neçə gəncə təklif etmişəm ki, AYB-yə üzv olsunlar. Onların şeirləri digər şairlərin çoxunun şeirlərindən yaxşıdır. Birmənalı deyirəm. Meyxanaçıların AYB-yə üzv olmaları təqdirəlayiq hal olmalıdır. Təbii ki, yekun qərarı Xalq yazıçımız Anar müəllim verir. Mən, sadəcə, öz mövqeyimi bildirirəm ki, arzuolunandır”.
Aytəkin Qardaşova