EN

Alparslan Bayraktar: Qara dəniz qazı Türkiyənin tələbatının 30 faizini təmin edəcək

Ankara, 13 mart, AZƏRTAC

Türkiyənin Qara dənizdəki ən böyük qaz yatağı olan “Sakarya” 2030-cu ilə qədər ölkənin təbii qaza ehtiyacının 30 faizini təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Texas ştatının Hyuston şəhərində keçirilən “CERAWeek 2025” konfransında çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Türkiyəli nazirin sözlərinə görə, dənizdə qaz hasilatı artıq sutkada təqribən 7,5 milyon kubmetr həddinə çatıb. O əlavə edib: “Cəmi bir ay ərzində, aprel ayında “Sakarya” yatağında hasilatın həcmi 9,5 milyon kubmetrə, 2026-cı ilə qədər isə 20 milyon kubmetrə çatacaq ki, bu da daxili istehlakın 15 faizini ödəyəcək. 2030-cu ilə qədər hasilat iki dəfə artacaq”.

Bayraktar Türkiyənin enerji asılılığını ölkənin qarşısında duran ciddi problem adlandırıb və qeyd edib ki, Ankaranın səyləri enerjidaşıyıcıları idxalından asılılığı minimuma endirməyə yönəlib.

Bayraktar Türkiyənin prioritetlərindən birinin - bərpaolunan enerji mənbələrindən istifadənin diqqət mərkəzində qaldığını qeyd edib, O, həmçinin kiçik modul reaktorların (KMR) tətbiqində gözlənilən irəliləyişlərdən danışıb.

Bununla yanaşı, türkiyəli nazir Ankaranın qonşu ölkələrə qaz tədarük etməyə hazır olduğunu bildirib. O deyib: “Hazırda Suriya və İraqın “mavi yanacağa” tələbatı var və biz bu ölkələrin ehtiyaclarını ödəmək üçün Türkiyənin infrastrukturunu onlara təmin etməyə hazırıq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
7
1
azertag.az

2Sources