EN

Bu bank əhalidən 10 milyonunu geri ala bilmir

2024-cü ildə "Bank Respublika"nın nağd vəsaitləri kəskin azalıb. İlin sonuna bankın nağd vəsaitləri 486 milyon 543 min manat təşkil edib. Halbuki, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 656 milyon 253 min manat təşkil edib. Bu da təxmini hesablamalarla 25,9% azdır.

Publika.az Teleqraf-a xəbər verir ki, bankın digər maliyyə institutlarındakı depozitləri də kəskin azalıb. 2023-cü ilin sonundakı 143 milyon 362 min manatdan 2025-ci ilin yanvarın 1-i tarixinə 67,2% azalaraq 47 milyon 141 min manata düşüb.

Daha çox qazanmaq istəyi bankı vaxtı keçmiş kredit "bataqlığına" salıb

Hesabat ilində bank üstünlüyü əhalini borclandırmağa verib. Nəticədə kredit portfeli 2023-cü ildəki 1 milyard 174 milyon 229 min manatdan 25,3% artaraq 2024-cü ildə 1 milyard 471 milyon 886 min manata yüksəlib. Bunun 1 milyard manatdan çoxunu elə biznes kreditləri təşkil edib. İri kreditlərin bankın məcmu kapitalına nisbəti 35,30%-ə yüksəlib. Bu da kifayət qədər böyük rəqəmdir.

2024-cü ildə bank 115 mindən çox kredit xətti açıb. Həmin kreditlərin də 1544-nün vaxtı keçib. Manatla ifadə etsək, təxminən 9 milyon 920 min 89 manatdan söhbət gedir. Bu məbləğin 5 milyon 332 min manatı Bakının payına düşüb. Maliyyə hesabatlarından belə aydın olur ki, kreditlərin 1 milyon 925 min manatı artıq illərdir gecikdirilmiş vəsait hesab edilir. Bunun da 1 milyon 212 min manatı biznes sektorunun payına düşüb.

Gecikmələr daha çox istehlak kreditlərindədir. Fiziki şəxslərə verilən 458 milyon 525 min manat kreditin 4 milyon 987 min manatının vaxtı keçib. Vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsündə kənd təsərrüfatına verilən kreditlər mühüm paya malikdir. Fermerlərə verilən 371,8 milyon manat kreditin 1 milyon 536 min manatının vaxtı keçib. Ticarət müəssisələri üzrə bu rəqəm isə 1 milyon 750 min manatdır.

Beləliklə, bankın kredit portfelinin 6 milyon 917 min manatını qeyri-qənaətbəxş kreditlər, 1 milyon 202 min manatını təhlükəli, 4 milyon 285 min manatını ümidsiz kreditlər təşkil edir. Ümumilikdə, bankda qeyri-standart kreditlərin məbləği 12 milyon 406 min manata çatıb. Maliyyə qurumunun standart kreditlərlə bağlı vəziyyəti də ürəkaçan deyil. Portfelin 39 milyon 607 min manatı nəzarət altındadır.

Digər məqam vaxtı keçmiş kreditlərlə bağlı bankın maliyyə hazırlığıdır. Bankda qeyri-standart 12 milyon 406 min manat kreditə qarşı 6 milyon 616 min manat məqsədli ehtiyat yaradılıb.

Ən nəhayət qurumun müştərilərə verdiyi 1 milyard 471 milyon manat kreditin 588 milyon 449 min manatı təminatsızdır. Bunun 360 milyon 184 min manatı biznes kreditlərinin payına düşür. Yəni biznes serktoruna ayrılan 1,013 milyard manat vəsaitin 360 milyon manatdan çoxu təminatsız verilib.

Bu baxımdan istehlak kreditlərində vəziyyət daha kirtikdir. Hesabat ilində bankın ayırdığı 312 milyon 266 min manat istehlak kreditinin 228 milyon 241 min manatının təminatı olmayıb.

Yeri gəlmişkən, “Bank Respublika” o banklardandır ki, kreditin zəmanəti kimi daşınmaz əmlak ipotekasına üstünlük verir. 1 milyard 471 milyon manatlıq kredit portfelinin 709 milyon 718 min manatı daşınmaz əmlak təminatlıdır.

Bahalı kredit siyasəti

Bank hazırda 500 manatdan - 50 min manata qədər faktiki illik faiz dərəcəsi 13, maksimum isə 19,5 faizlə kredit təklif edir. Kreditin 20 min manata qədərini zaminsiz almaq mümkündür. Lakin bu zaman faizlər 23 faizə qədər yüksəlir. Digər tərəfdən müştəri kreditini bağlayan zaman bu barədə rəsmi bildirişə 30 manat vəsait ödəyir. "Bank Respublika"dan ödəniş kartları əldə etmək də ucuz başa gəlmir. Visa kartlarının illik xidmət haqqı 10-20 manat arasında dəyişir.

Chosen
20
4
publika.az

5Sources