Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirilib.
XII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbir iştirakçılarını salamladı, Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Sonra çıxış üçün sözü Prezident İlham Əliyevə verib.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.
Martın 15-dək davam edəcək XII Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim ediləcək.
Bundan əlavə, “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa İttifaqı məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək.
“COP29: Belem üçün sıçrayış – Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecə sessiyalarında müzakirə olunacaq.
Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən maraqlı panellərindən biri isə gənclərin fikirlərinə həsr edilən “Gənclər danışsın, biz dinləyək” mövzusunda təşkil olunacaq.
10:17
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Bizim.Media